2021-10-21

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrinin istifadəsi məsələsi Britaniyada müzakirə edilib.

Məlum olduğu kimi, son illər qlobal iqlim dəyişikliyi və onun doğura biləcəyi fəsadlarla bağlı artan çağırışlar fonunda əksər aparıcı dünya dövlətləri kimi, Azərbaycan da bu problemin qarşısının alınması üzrə qlobal səylərə töhfə vermək istiqamətində mümkün əməli addımlar atmaqdadır. Aydındır ki, qlobal iqlim dəyişikliyinin baş verməsində avtomobillərin atmosferə vurduğu zərər böyük rol oynayır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ildə yol hərəkətinin təhlükəsizliyinə dair imzaladığı beş illik dövlət proqramının müvafiq bəndlərindən biri məhz ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması üçün lazımi tədbirlərin görülməsi ilə bağlıdır.    

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanovun London Elektrik Nəqliyyat Vasitələri Şirkətinin (London Electric Vehicle Company – LEVC) qərargahının yerləşdiyi Koventri şəhərinə səfəri zamanı da bu tipli smart nəqliyyat vasitələrinin Azərbaycanda istifadəsi məsələsi əsas müzakirə obyekti olub.

Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə Ticarət nümayəndəsi Baroness Emma Nikolsonun vasitəçiliyi ilə təşkil olunan səfər zamanı şirkətin məsul əməkdaşları LEVC şirkətinin istehsal etdiyi nəqliyyat vasitələrinin əsas xüsusiyyət və üstünlükləri barədə səfir Süleymanova geniş məlumat verib. Avtomobillərin istehsal prosesinə yerində baxış keçirilib. 

Smart konfiqurasiyalı nəqliyyat vasitələrinin ölkəmizə idxalı da daxil olmaqla Azərbaycanda bu tipli avtomobillər, eləcə də yaşıl enerjinin istifadəsinin stimullaşdırılması istiqamətində atılan addımlar və yaradılmaqda olan infrastruktur barədə söhbət aparılıb. Səfir Süleymanov insanların sağlamlığı və ətraf mühitin qorunmasını təmin etmək üçün Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılmasının ölkə başçısının xüsusi diqqət verdiyi məsələlərdən olduğunu vurğulayıb.

Söhbət zamanı daha öncə - 2020-ci ilin avqust ayında LEVC TX modelli 100 ədəd taksinin ölkəmizə gətirilməsi və artıq əhalinin istifadəsinə verilməsinə də istinad edilib. LEVC şirkətinin nümayəndələri Azərbaycanda yaşıl enerjinin tətbiqi istiqamətində atılmadqa olan addımların digər ölkələr üçün nümunə təşkil edə biləcəyini qeyd edib. Şirkət təmsilçiləri, həmçinin Azərbaycanın, xüsusən də Bakı şəhərinin regionda əsas turizm mərkəzlərindən birinə çevrildiyini söyləyərək, bu prosesin bir hissəsi kimi ölkəmizdə elektrik mühərrikli nəqliyyat vasitələrinin istifadəsini qeyd edib.

 

Search in archive