Səfirin mesajı

Azərbaycanın Londondakı Səfirliyinə xoş gəlmisiniz. Azərbaycan Respublikasını və Azərbaycan xalqını Birləşmiş Krallıq kimi füsunkar və rəngarəng bir ölkədə təmsil etməkdən böyük şərəf hissi duyuram.

1918-ci ilin 28 may tarixində Müsəlman dünyasında ilk parlament respublikası kimi yaranan Azərbaycan Demokratik Respublikası 1920-ci ildə Bolşevik işğalına məruz qalsa da, mövcud olduğu qısa zaman kəsiyində Azərbaycan xalqının gələcək məqsədlərinin simvoluna çevrildi. Azərbaycan hələ 1918-ci ildə bütün vətəndaşlarına millətindən, dini əqidəsindən və cinsindən asılı olmayaraq bərabər hüquqlar verib. 1991-ci ildə dövlətçiliyini bərpa edən Azərbaycan vətəndaşları bu tarixi irs, eləcə də Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi inkişaf və uğurlarla fəxr edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son üç onillik ərzində etibarlı tərəfdaş əhəmiyyətli beynəlxalq təşəbbüslərin aparıcı qüvvəsi və regional lider kimi tanınır.

2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən üç onillik boyu davam edən işğalına son verərək BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Bununla, uzun illər məcburi köçkün həyatı yaşayan yüz minlərlə Azərbaycanlıya öz dogma yurd-yuvalarına geri dönmək imkanı yaratdı. Azərbaycan Cənubi Qafqazda çiçəklənmə, dayanıqlı inkişaf və davamlı sülhün bərqərar olunması üçün inklyüziv regional əməkdaşlığı təşviq edir.  

Azərbaycanın beynəlxalq hüquqa hörmət, eləcə də digər ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan xarici siyasəti beynəlxalq ictimaiyyət tərəfindən də tanınır və qiymətləndirilir. Bu prosesin məntiqi nəticəsi kimi Azərbaycan BMT-nin əhəmiyyətli sayda üzv dövlətinin səsverməsi nəticəsində 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyət göstərib. 2019-cu ildə Azərbaycan BMT-dən sonra ən böyük beynəlxalq institut olan Qoşulmama Hərəkatının sədri seçilib. Ölkəmiz Hərəkatın sədri kimi BMT Baş Assambleyasının COVID-19 pandemiyası üzrə Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olub və xəstəlik əleyhinə vaksinlərin qlobal miqyasda bərabər paylanması uğrunda fəaliyyətləri davam etdirir.  

Mədəniyyət və sivilizasiyaların kəsişməsində və qədim İpək Yolunun həlledici qovşağında yerləşən Azərbaycan müxtəlifliyi ilə fəxr edən cəmiyyətə ev sahibliyi edir.

Azərbaycanın Qafqaz dağlarının yüksək zirvələri və dərin yarğanlarından Lənkəranın subtropik meşələrinə və Xəzər dənizinin sahillərinə uzanan zəngin çeşidli təbiəti böyük Azərbaycan şairi Nizami Gəncəvi irsinin, eləcə də sirli Muğam musiqisinin yaradıcılarının varisləri olan şair və musiqiçilərimizi ilhamlandırmağa davam edir.

Azərbaycan xalqının qədim tarixi və gələcək amallarını birləşdirən paytaxt Bakı şəhəri geniş Xəzər regionunun döyünən ürəyi və başlıca turistik istiqamətinə çevrilib. YUNESKO-nun Dünya İrs siyahısına daxil edilmiş İçərişəhər Xəzər dənizinin sahili ilə təxminən 15 km məsafədə uzanan valehedici gəzinti zolağının yaxınlığında yerləşir və Formula 1 Bakı Şəhər Halqasının marşrutu azarkeşlər tərəfindən ən həyəcanverici yarış kimi dəyərləndirilib.

Gəlin, Azərbaycana səyahət edin! Gözəl təbiətimizdən zövq alın, musiqimizi dinləyin, zəngin və dadlı mətbəximizin nemətlərindən dadın və ən əsası bizim insanlarımızla görüşün və yeni dostluqlar qurun.

Biz bütün dostlarımızı Azərbaycanın vəd etdiyi heyrətamiz gözəllikləri kəşf etməyə dəvət edirik. Sizlər Azərbaycan barədə daha çox öyrənməyə çalışarkən Azərbaycanın Britaniyadakı səfirliyi olaraq hər zaman sizə yardımçı olmağa hazırıq.

Sizləri Azərbaycanda görməkdən məmnunluq duyarıq!

Elin Süleymanov

Search in archive