ÜMUMİ MƏLUMAT

Azərbaycan Respublikası vətəndaşının pasportu (bundan sonra pasport)Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.

Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır.

Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır.

Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində şəxsin seçimindən asılı olaraq, Azərbaycan Respublikasına qayıtmaq hüququ verən aşağıda qeyd olunan sənədlərdən biri ilə təmin edirlər:

- Azərbaycan Respublikası vətəndaşının yeni ümumvətəndaş pasportunun;

- Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi;

 

Azərbaycan Respublikasının ümumvətəndaş pasportu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ümumvətəndaş pasportu verən yerli orqanları tərəfindən “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu və “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.

Qeyd olunan Əsasnamə ilə müəyyən edilmiş qaydalara uyğun olaraq, xarici ölkələrdə daimi və müvəqqəti yaşayan vətəndaşlara ümumvətəndaş pasportu daxili işlər orqanında fərdi olaraq hazırlanmaqla, vətəndaşın olduğu ölkədə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilir. Bu halda ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədlərin qəbul edilməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən həyata keçirilir.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.

Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.

Search in archive