XARICI DÖVLƏTIN DOĞUM HAQQINDA ŞƏHADƏTNAMƏSINƏ SAHİB OLAN UŞAQLARIN DOĞUMUNUN QEYDIYYATA ALINMASI QAYDASI
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında və ya İslandiya Respublikasında dünyaya gəlmiş, eləcə də valideynlərdən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlara doğulduğu ölkənin aidiyyəti dövlət qurumları tərəfindən doğum haqqında şəhadətnamə rəsmiləşdirildiyi təqdirdə həmin şəxslərin Azərbaycan Respublikasında qeydiyyatı aşağıdakı qaydada həyata keçirilir:
Uşağın qeydiyyata alınaraq fərdi identifikasiya nömrəsinin (FİN) verilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün aşağıda qeyd olunan sənədlər toplusu Səfirliyə (öncədən portal vasitəsilə növbə götürülərək) təqdim olunmalıdır.
Sözügedən sənədlər Səfirliyə təqdim olunduqdan sonrakı 1 ay ərzində uşağın qeydiyyatı həyata keçirilərək, şəxs FİN kod və mənsubiyyət arayışı ilə təmin edilir. Bu proseduradan sonra, müvafiq qaydada Səfirliyə ilkin pasportun rəsmiləşdirilməsi üçün və ya Azərbaycanda şəxsiyyət vəsiqəsinin və pasportun rəsmiləşdirilməsi müraciət edilməsi mümkündür.
Doğumunun Azərbaycanda qeydiyyata alınması üçün tələb olunan sənədlər:
- Ərizə-anket;
- Uşağın doğum haqqında şəhadətnaməsinin əsli (şəhadətnamənin rəsmiləşdirildiyi ölkə tərəfindən apostil edilmiş olmalıdır);
- Uşağın doğum haqqında şəhadətnaməsinin Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsi (müraciət zamanı Səfirlikdə tərcümə və təsdiq edilməsi mümkündür, tərcümənin düzgünlüyünün təsdiqinə görə dövlət rüsumu – 10£ );
- Valideynlərin şəxsiyyət vəsiqəsinin və ya pasportunun əsli və surəti;
- Valideynlərin doğum haqqında şəhadətnamələrinin surəti;
- Valideynlərin nikah haqqında şəhadətnaməsinin surəti;
Diqqət! Doğumun qeydiyyata alınması üçün dövlət rüsumu nəzərdə tutulmamışdır.
Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlər:
- Ərizə-anket;
- 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə) (fotoşəkil ərizə anket üçün tələb olunur);
- Uşağın doğum haqqında şəhadətnaməsinin surəti;
- Valideynlərin şəxsiyyət vəsiqəsinin və ya pasportunun surəti;
- Dövlət rüsumu 10£ (müraciət zamanı bank kartı vasitəsilə ödənilə bilər, nağd ödəniş qəbul edilmir);
Qeyd olunan sənədlər appontment.mfa.gov.az portalı vasitəsilə növbə təyin edilərək valideynlərdən biri tərəfindən təqdim edilə bilər.