TRANZİT VİZASI

Tranzit vizası üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. 

Aşağıdakı hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin tranzit keçidi üçün tranzit vizası tələb olunmur:

  • əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə imkan verən digər vizalar verilmiş olduqda;
  • hava nəqliyyatı sərnişinləri təyyarə dəyişmədən Azərbaycan Respublikasının ərazisindən tranzitlə uçduqda;
  • əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hava limanında təyyarə dəyişməklə təyinat ölkəsinə getdikdə – bir şərtlə ki, sərnişinlərin təyinat ölkəsinə daxil olmaq hüququnu təsdiq edən sənədləri, təyyarə dəyişmək üçün endikləri hava limanından yola düşmə vaxtını təsdiq edən təyyarə biletləri olsun və Azərbaycan Respublikasının ərazisində qalma müddəti 24 saatdan artıq olmasın. Bu zaman sərnişinlər hava limanı ərazisində xüsusi olaraq ayrılmış ərazinin hüdudlarından kənara çıxa bilməzlər;
  • Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olan dövlətin vətəndaşları tranzitlə keçdikdə.

  

Tranzit vizası üçün tələb olunan sənədlər: 

  1. Ərizə-anket (ərizə-anket onlayn doldurduqdan sonra çap edilməlidir);
  2. Pasportun əsli və surəti (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);
  3. İki ədəd ağ fonda rəngli fotoşəkil (3x4sm);
  4. Təyinat ölkəsinə getmək vizasının surəti (tələb olunduğu halda);
  5. Təyinat ölkəsinə getmək üçün nəqliyyat biletinin surətləri;
  6. Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
    • Böyük Britaniya, İslandiya və İrlandiya vətəndaşları üçün birdəfəlik və ikidəfəlik viza 18£. Digər ölkə vətəndaşları üçün siyahıya baxın;
    • Müraciəti poçt vasitəsilə göndərən şəxslər Embassy of the Republic of Azerbaijan ünvanına dövlət rüsumu ödənilən “Postal order” təqdim etməlidirlər;
    • Nağd ödəniş qəbul edilmir;
    • Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır;

Viza müraciəti şəxsən (appointment.mfa.gov.az vasitəsilə növbə götürərək) təqdim edilə və ya poçt vasitəsilə Səfirliyin ünvanına göndərilə bilər. Səfirlik sənədlərin daşınma zamanı itməsi və ya zədələnməsinə görə məsuliyyət daşımır. Poçt vasitəsilə göndəriləcəyi halda hazır sənədi geri göndərmək məqsədilə üzərində ünvanınızın qeyd olunduğu və ödənilmiş zərf əlavə edin.

Səfirliyin ünvanı: Embassy of the Republic of Azerbaijan 
                          66 Holland Park, London, W11 3SJ

Qeydlər:

  • 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur.
  • Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əlavə məlumat üçün: https://www.migration.gov.az/az/oyq

 

 

Search in archive