İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİN İCMALI

Azərbaycan 1991-ci ilin 18 oktyabr tarixində müstəqilliyini bərpa etdikdən sonra Birləşmiş Krallıq Qərb ölkələri arasında Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olmuşdur. Birləşmiş Krallıq 26 dekabr 1991-ci il tarixində Azərbaycanın müstəqilliyini tanımış, iki ölkə arasında diplomatik münasibətlərin əsası 1992-ci ilin 11 mart tarixində qoyulmuşdur.

Birləşmiş Krallığın Bakıdakı səfirliyi 1993-cü ilin sentyabr ayında açılmışdır. Ölkənin Azərbaycanda hazırkı səfiri Ceyms Layl Şarp 2018-ci ildə təyin edilmişdir.

Azərbaycanın Londondakı səfirliyi 1994-cü ilin yanvar ayında açılmışdır. 2021-ci ilin iyul ayından etibarən Azərbaycanın Birləşmiş Krallıqdakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanovdur.

Azərbaycan Respublikası və Birləşmiş Krallıq arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Tərəflər arasında yüksək-səviyyəli siyasi dialoq, energetika, ticarət və investisiya, mədəni və humanitar sahələri əhatə edən geniş əhatəli əməkdaşlıq və güclü ikitərəfli əlaqələr mövcuddur.

Yüksək səviyyəli səfərlər

Ötən illər ərzində iki ölkə arasında qarşılıqlı yüksək səviyyəli səfərlər Azərbaycan və Birləşmiş Krallıq arasında əməkdaşlığın inkişafına öz töhfəsini vermişdir.

Azərbaycan Prezidenti Heydər Əliyevin 19-23 fevral 1994-cü il və 19-24 iyul 1998-ci illərdə Birləşmiş Krallığa baş tutan rəsmi səfərləri iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı üçün güclü bünövrə yaratmışdır. 

1996-cı ilin yanvar ayında Britaniyanın xarici işlər naziri Malkolm Rifkind Azərbaycana səfər etmiş və Prezident Heydər Əliyev və digər dövlət rəsmiləri ilə görüş keçirmişdir. Səfər zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında tərəflərin ikitərəfli ticarət və investisiya imkanlarının artmasına verdiyi əhəmiyyətin göstəricisi kimi “İnvestisiyanın təşviqi və qorunması üzrə müqavilə” imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13-14 dekabr 2004-cü il və 13-15 iyul 2009-cu il tarixlərində Birləşmiş Krallığa baş tutan səfərləri bir çox sahələr üzrə ikitərəfli münasibətlərin inkişafına və dərinləşməsinə öz töhfəsini vermişdir. Prezident İlham Əliyevin, həmçinin 2012-ci ilin 6-7 avqust tarixlərində Londonda keçirilən Olimpiya oyunlarında iştirak üçün Birləşmiş Krallığa işgüzar səfəri baş tutmuş və həmin səfər zamanı İ.Əliyev Birləşmiş Krallığın Baş naziri Deyvid Kamerun ilə görüşmüşdür.

2013-cü ilin dekabr ayında Birləşmiş Krallığın xarici işlər naziri Vilyam Haq “Şahdəniz 2” layihəsinin imzalanma mərasimində iştirak məqsədi ilə Azərbaycana səfər etmiş, səfər zamanı Azərbaycan Prezidenti və xarici işlər naziri ilə görüş keçirmişdir.

2018-ci ilin 26 aprel tarixində Birləşmiş Krallığın Baş naziri Tereza Mey-in dəvəti əsasında Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Krallığa bir günlük səfəri baş tutmuşdur. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti Baş nazir Tereza Mey ilə görüşmüş, görüşdən sonra hər iki dövlət başçısının iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), "BP Exploration (Azerbaijan) Limited" şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Londona həmin səfəri zamanı Prezident İlham Əliyev Britaniyanın Avropa və Amerika regionu üzrə Dövlət naziri Alan Dankan, eləcə də Birləşmiş Krallıq parlamentində Azərbaycan üzrə Qrupun üzvləri ilə görüşmüşdür.

COVID-19 pandemiyasının yayılmasına baxmayaraq, 2021-ci ilin ilk yarısında Birləşmiş Krallıqdan Azərbaycana iki dövlət nazirinin səfəri baş tutmuşdur:

2021-ci ilin 8-10 fevral tarixlərində Birləşmiş Krallığın Avropa Qonşuluğu və Amerika regionu üzrə naziri xanım Vendi Morton Birləşmiş Krallıq və Azərbaycan arasında ikitərəfli xarici siyasət dialoqunda iştirak məqsədi ilə Azərbaycanda səfərdə olmuşdur. Nazir Morton səfər zamanı Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov, eləcə də Azərbaycanın energetika və təhsil nazirləri, həmçinin Milli Məclisin spikeri ilə görüşərək ikitərəfli əlaqələr və regionda ümumi təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparmışdır.

2021-ci ilin 20-23 may tarixlərində Birləşmiş Krallığın İxracat üzrə naziri Qraham Stüart Birləşmiş Krallıq və Azərbaycan arasında Birgə hökümətlərarası Komissiyanın iclasında iştirak məqsədi ilə Azərbaycanda səfərdə olub. Səfər zamanı nazir Stüart ikitərəfli  əməkdaşlığın gələcək perspektivləri, eləcə də iki ölkə arasında mövcud ticarət və iqtisadi əlaqələri gücləndirmək istiqamətində müzakirələr aparmaq üçün Prezident İlham Əliyev, eləcə də Azərbaycanın energetika, iqtisadiyyat, nəqliyyat, kommunikasiya və yüksək texnologiyalar və ekologiya və təbii sərvətlər nazirləri ilə görüşüb. Azərbaycanda olarkən Qraham Stüart, həmçinin yenicə yaradılmış Britaniya Ticarət və Sənaye Palatasının açılış mərasimində iştirak edib.

2022-ci ilin 11-13 iyul tarixlərində Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Krallığa ilk dəfə rəsmi səfər etmişdir. Səfər çərçivəsində S.Qafarova Britaniya Parlamentinin Lordlar və İcmalar Palatasının spikerləri, Birləşmiş Krallıq Parlamentində Azərbaycan üzrə Qrupun üzvləri və Britaniyalı dövlət rəsmiləri ilə görüşmüşdür.

2022-ci ilin 18-20 sentyabr tarixlərində Milli Məclisin sədri Sahibə Qafarova Ülyahəzrət Kraliça İkinci Yelizavetanın vida mərasimində iştirak etmək üçün Londona səfər etmişdir. O, həmçinin Kral Üçüncü Çarlz adından verilmiş rəsmi ziyafətdə iştirak etmişdir.

2023-cü ilin 4 may tarixində Milli Məclisin sədri Sahibə Qafarova Kral Üçüncü Çarlzın tacqoyma mərasimində iştirak etmək üçün Birləşmiş Krallığa səfər etmişdir.

2023-cü ilin 20-22 iyun tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallıqda işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində C.Bayramov Birləşmiş Krallığın xarici işlər naziri Ceyms Kleverli ilə görüşmüş, həmçinin Birləşmiş Krallığın Avropa regionu üzrə dövlət naziri Leo Dokertinin iştirakı ilə iki ölkə arasında xarici siyasət dialoqunun növbəti iclası keçirilmişdir.  

2023-cü il ərzində Birləşmiş Krallığın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti iki dəfə (22.02.2023 və 22.11.2023) Azərbaycanda səfərdə olmuşdur.

2023-cü ilin 18-19 dekabr  tarixlərində  Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Krallıqda rəsmi səfərdə olmuşdur. 

2024-cü il 18 iyul tarixində Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısında iştirak etmək məqsədilə Birləşmiş Krallığa işgüzar səfər etmişdir.

2024-cü il 29 oktyabr tarixində Azərbaycan Respublikasının xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Birləşmiş Krallıqda rəsmi səfər etmişdir. 

2024-cü il 6 noyabr tarixində Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Kral Üçüncü Çarlzın patronajı altında təşkil edilən COP29 qabağı beynəlxalq iqlim fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş konfransda iştirak etmək üçün Britaniyaya işgüzar səfər etmişdir. 

2024-cü il 11-12 noyabr tarixlərində Birləşmiş Krallığının Baş naziri Kir Starmer BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.  

Azərbaycan və Birləşmiş Krallıq arasında siyasi dialoq

2016-cı ildə Azərbaycan və Birləşmiş Krallıq arasında ikitərəfli xarici siyasət dialoq mexanizminin əsası qoyulub. Xarici siyasət dialoqunun bugünədək dörd sessiyası keçirilib:

  • İkitərəfli xarici siyasət dialoqunun birinci sessiyası 2016-cı ilin 11 fevral tarixində Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Birləşmiş Krallıq tərəfindən isə Avropa naziri Deyvid Lidinqton arasında keçirilmişdir.
  • İkitərəfli xarici siyasət dialoqunun ikinci sessiyası 2017-ci ilin 14 sentyabr tarixində Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Birləşmiş Krallıq tərəfindən isə Avropa və Amerika regionu üzrə Dövlət naziri Alan Dankan arasında keçirilmişdir.
  • İkitərəfli xarici siyasət dialoqunun üçüncü sessiyası 2018-ci ilin 23 oktyabr tarixində Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Birləşmiş Krallıq tərəfindən isə Avropa və Amerika regionu üzrə Dövlət naziri Alan Dankan arasında keçirilmişdir.
  • İkitərəfli xarici siyasət dialoqunun dördüncü sessiyası 2021-ci ilin 23 fevral tarixində Azərbaycan tərəfindən xarici işlər naziri Ceyhun Bayramov, Birləşmiş Krallıq tərəfindən isə Avropa Qonşuluğu və Amerika regionu üzrə nazir xanım Vendi Morton arasında keçirilmişdir.
  • İkitərəfli xarisi siyasət dialoqunun beşinci sessiyası 2023-cü ilin 20 iyun tarixində Azərbaycan tərəfindən xarici işlər naziri Ceyhun Bayramov, Birləşmiş Krallıq tərəfindən isə Avropa məsələləri üzrə nazir Leo Dokerti arasında keçirilmişdir.

Parlamentlərarası əməkdaşlıq

1997-ci ilin mart ayında Azərbaycan Parlamentində “Birləşmiş Krallıq ilə Parlamentlərarası Dostluq Qrupu” yardılmışdır. Qrupun hazırkı sədri Milli Məclisin deputatı Soltan Məmmədovdur.

Birləşmiş Krallıq Parlamentində də 2014-cü ildən etibarən Azərbaycan üzrə Qrup fəaliyyət göstərir. Qrupun hazırkı sədri İcmalar Palatasının deputatı Bob Bləkməndir.

İqtisadi münasibətlər

Xüsusən energetika sahəsini əhatə etməklə Azərbaycan Respublikası və Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq ikitərəfli münasibətlərin əsasını təşkil edir.

Azərbaycan Xəzər dənizinin Azərbaycan sektorunda neft və təbii qazın emalı və nəqli üzrə Birləşmiş Krallıqla əməkdaşlıq edir. Birləşmiş Krallığa məxsus aparıcı neft şirkətlərindən olan BP şirkəti 1992-ci ildən bəri Azərbaycanda aktiv fəaliyyət göstərir və “Əsrin müqaviləsi” (Azəri-Çıraq-Günəşli – AÇG) və Şahdəniz layihələri kimi hasilatın pay bölgüsü sazişlərində iştirak edir. BP şirkəti, həmçinin Şahdəniz 2 layihəsinin əsas texniki operatoru və iştirakçısıdır. 2013-cü ildə Şahdəniz 2 layihəsi üzrə Yekun İnvestisiya Qərarının Bakı şəhərində keçirilmiş imzalanma mərasimində digər ölkələrin yüksək vəzifəli rəsmiləri ilə birlikdə Birləşmiş Krallığın xarici işlər naziri Vilyam Haq da iştirak etmişdir.

AÇG-nin əlahiddə uğurlarının məntiqi nəticəsi kimi 2017-ci ilin 14 sentyabr tarixində Prezident İlham Əliyev və Birləşmiş Krallığın Avropa və Amerika regionu üzrə dövlət naziri Alan Dankanın iştirakı ilə Bakıda imzalanan yeni müqavilə ilə “Əsrin müqaviləsi”nin müddəti əsrin ortalarınadək (2049-cu ilin sonunadək) uzadılmışdır. 

26 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Birləşmiş Krallığın Baş naziri Tereza Meyin iştirakı ilə Londonda SOCAR və BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şimal Abşeron yatağında D230 Blokunun birgə işlənməsi və inkişaf etdirilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır.  

Birləşmiş Krallıq Azərbaycana yatırılmış investisiyanın həcminə görə hələ də birinci yerdədir. Bugünədək Birləşmiş Krallıq Azərbaycana 27 milyard ABŞ dolları miqdarında investisiya yatırıb və bu, Azərbaycana yatırılmış ümumi xarici sərmayənin 51.7 faizini təşkil edir. 2019-cu ildə Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət dövriyyəsinin həcmi 903 milyon funt sterlinq təşkil etmişdir. Hazırda Azərbaycanda Britaniyaya məxsus 600-ədək şirkət fəaliyyət göstərir.   

2016-cı ildən etibarən Baroness Nikolson Birləşmiş Krallığın Baş nazirinin Azərbaycan üzrə Ticarət elçisi kimi fəaliyyət göstərir və bu, ikitərəfli iqtisadi əlaqələrin inkişafına öz müsbət təsirini göstərir.

Birləşmiş Krallıq və Azərbaycan arasında Birgə Hökumətlərarası Komissiya

Birləşmiş Krallıqla Azərbaycan arasında Birgə Hökumətlərarası Komissiya 2015-ci ildə yaradılıb və bugünədək Komissiyanın dörd sessiyası keçirilib:

  • Komissiyanın ilk sessiyası 2016-cı ildə Londonda keçirilib və sessiyaya Azərbaycan tərəfindən İqtisadiyyat naziri Şahin Mustafayev, Birləşmiş Krallıq tərəfindən isə Ticarət və İnvestisiya naziri Fransis Moud sədrlik edib.
  • Komissiyanın ikinci sessiyası 2017-ci ildə Bakıda keçirilib və sessiyaya Azərbaycan tərəfindən İqtisadiyyat naziri Şahin Mustafayev, Birləşmiş Krallıq tərəfindən isə Ticarət naziri Rona Feyrhed sədrlik edib.
  • Komissiyanın üçüncü sessiyası 2019-cu ildə Londonda keçirilib və sessiyaya Azərbaycan tərəfindən Energetika naziri Pərviz Şahbazov, Birləşmiş Krallıq tərəfindən isə Ticarət naziri Corc Hollinqberi sədrlik edib.
  • Komissiyanın dördüncü sessiyası 2021-ci ildə Bakıda keçirilib və sessiyaya Azərbaycan tərəfindən Energetika naziri Pərviz Şahbazov, Birləşmiş Krallıq tərəfindən isə Birləşmiş Krallığın İxracat üzrə naziri Qraham Stüart sədrlik edib.
  • Komissiyanın beşinci sessiyası 2022-ci ildə Londonda keçirilib və sessiyada Azərbaycan tərəfindən Energetika naziri Pərviz Şahbazov, Birləşmiş Krallıq tərəfindən isə ixracat üzrə naziri Mike Freer sədrlik edib. 
  • Komissiyanın altıncı sessiyası 2023-cü ildə Bakıda keçirilib və sessiyada Azərbycan tərəfindən Energetika naziri Pərviz Şahbazov, Birləşmiş Krallıq tərəfindən isə ixracaq üzrə nazir Lord Malkolm Offord sədrlik edib.

Search in archive