2023-10-30

İrlandiya nəşrində Azərbaycanın mövqeyi işıqlandırılıb

Azərbaycanın İrlandiyadakı səfiri Elin Süleymanovun müsahibəsi bu ölkənin “The Journal” nəşrində dərc olunub.

Müsahibədə son zamanlar Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının əksinə Azərbaycanın Cənubi Qafqaz regionunun sabitliyi və dayanıqlı inkişafı naminə Ermənistan ilə sülh sazişi imzalamağa hazır olduğu qeyd edilib, Azərbaycanın Ermənistana qarşı ərazi iddialarının olması ilə bağlı səslənən fikirlər cəfəngiyyat adlandırılıb.

Bildirilib ki, 1990-cı illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlı mülki əhali ölümdən yaxa qurtarmaq üçün öz yurd-yuvalarından didərgin düşmüşdü. Hazırda Qarabağı könüllü tərk edən erməni əhaliyə qarşı Azərbaycan tərəfindən təhdid olmayıb, biz azərbaycanlılara qarşı ermənilərin törətdiklərini təkrar etmək niyyətində deyilik.

Müsahibədə vurğulanıb ki, bir sıra Avropa ölkələrinin və Avropa Parlamentinin Qarabağda vəziyyətlə bağlı Azərbaycana qarşı qəbul etdiyi qərar və qətnamələr praktiki yox emosional xarakter daşıyır. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq etməkdə maraqlıdır ancaq bu əməkdaşlıq bərabərhüquqlu olmalıdır, Azərbaycan ilə təhdid dilində danışmaq qəbuledilməzdir.

Bir müddət bundan öncə Ermənistan səfirinin səsləndirdiyi əsassız iddiaları cavablandıran Azərbaycan diplomatı qeyd edib ki, çox qəribədir, erməni səfiri bütün vaxtını Azərbaycanın tərkib hissəsi olan Qarabağdan danışmağa sərf edir, sanki onun qonşu ölkənin ərazisi barədə danışmaqdan başqa heç bir qayğısı yoxdur.

Müsahibə ilə ətraflı bu linkdən tanış olmaq mümkündür: https://www.thejournal.ie/azerbaijan-ambassador-to-ireland-nagorno-karabakh-6204903-Oct2023/

Search in archive