Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 6-cı iclası Bakıda keçiriləcək
Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri, energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Dövlət Katibinin Parlament üzrə müavini, Biznes və Ticarət Departamentində ixracat naziri Malkolm Offordın iştirakı ilə onlayn görüş keçirilib.
Görüşdə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, o cümlədən 2023-cü ilin dekabrında Bakıda keçirilməsi planlaşdırılan növbəti iclası və ikitərəfli enerji əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edilib. Hökumətlərarası Komissiyanın 6-cı iclasının qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfə verəcəyi bildirilib. Həmçinin iki ölkə arasında “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” layihəsinin tezliklə yekunlaşdırılmasının vacibliyi qeyd edilib.
Söhbət zamanı bərpa olunan enerji sahəsinin inkişafı və enerji keçidi üzrə Azərbaycanın siyasəti ilə bağlı da fikir mübadiləsi aparılıb. Təbii qazın enerji keçidini dəstəkləyən rolu vurğulanıb və ölkəmizin həm təbii qaz sektorunun, həm də bərpa olunan enerjinin inkişafına diqqət yönəltdiyi qeyd olunub. Bildirilib ki, hazırda həyata keçirilən “yaşıl enerji” layihələri 2030-cu ilədək elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerjinin payının əhəmiyyətli dərəcədə artmasını təmin edəcək. Azərbaycanın neft-qaz layihələrində əsas tərəfdaşı olan bp şirkəti ilə azad edilmiş ərazilərdə “Şəfəq” günəş elektrik stansiyası layihəsi üzrə əməkdaşlıqdan da bəhs edilib və bu layihənin “Səngəçal” terminalının karbonsuzlaşdırılmasında mühüm rol oynayacağı diqqətə çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.