2023-09-28

Milli Məclisin sədri Sahibə Qafarova İrlandiya Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

İrlandiyada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova İrlandiya Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri Şon Oferghail ilə görüşüb.

Milli Məclisin sədrini salamlayan İrlandiya Parlamenti Nümayəndələr Palatasının sədri  Azərbaycan parlamentinin rəhbərinin İrlandiyaya ilk səfərindən məmnunluğunu ifadə edib. Nümayəndələr Palatasının sədri İrlandiya parlamentində Azərbaycanın Milli Məclisi ilə dostluq qrupunun yaradılması üzərində iş getdiyini diqqətə çatdırıb və bunun parlamentlərarası əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

O, ölkəsinin xarici ölkələrə investisiya qoymaqda, iqtisadiyyat və turizm sahələrində əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib,  Azərbaycanın regiondakı aparıcı rolu, ölkəmizin Avropanın etibarlı enerji tərəfdaşı olması barədə fikirlərini bölüşüb. İrlandiyalı spiker iki ölkənin parlamentlərarası və digər sahələrdə əlaqələrini daha da inkişaf etdirmək üçün qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb, bu sahədə mövcud imkanlardan danışıb.

Azərbaycan parlament nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən spiker Sahibə Qafarova, təhsil, mədəniyyət, humanitar sahələrdə və parlamentlər arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb.

Görüşdə Milli Məclisin sədri Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda, xüsusən də Qarabağ bölgəsində vəziyyət haqqında məlumat verib. Sahibə Qafarova xatırladıb ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücünə təmin edib və qarşı tərəfə beynəlxalq hüquqa əsaslanan 5 prinsipdən ibarət sülh sazişi təklif edib. O, təəssüflə qeyd edib ki, artıq 3 ilə yaxındır ki, Ermənistan bu sənədi imzalamayıb. Milli Məclisin sədri, həmçinin diqqətə çatdırıb ki, Ermənistan “blokada”, “humanitar böhran” kimi əsassız iddialarla beynəlxalq miqyasda Azərbaycana qarşı siyasi şantajını davam etdirib.

Spikerin sözlərinə görə, Ermənistan bu müddət ərzində Qarabağdan 10 min hərbçisini çıxarmayıb, onlara maddi dəstək verib, silah-sursatla təmin edib, Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimi dəstəkləyib. Sahibə Qafarova Ermənistanın ötən dövr ərzində sərhəddə təxribatlar törətdiyini, Azərbaycan ərazilərini minalamaqda davam etdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, ötən həftə bu təxribatların sayı daha da artıb. Belə ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və hərbi qulluqçularımız həlak olub və yaralanıb. Bütün bunlar Azərbaycanın lokal antiterror tədbirlərinə başlamasına səbəb olub. Sahibə Qafarova deyib ki, bu tədbirlərin məqsədi Azərbaycanın Qarabağ regionunda qeyri-qanuni erməni silahlı qüvvələrinin mümkün hərbi təxribatlarının və terror aktlarının qarşısını almaq, terrorçu dəstələri Azərbaycanın Qarabağ regionundan çıxarmaq olmuşdur. Lokal xarakterli anti-terror tədbirləri həmçinin, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədi daşımışdır. O, xüsusilə qeyd edib ki, antiterror tədbirləri zamanı mülki əhali və obyektlər hədəfə alınmayıb və bu tədbirlər beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə reallaşdırılıb.

Spiker Sahibə Qafarova bildirib ki, sentyabrın 20-də Qarabağın erməni sakinlərinin nümayəndələrinin müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub. Bu razılaşmaya əsasən, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı və tam şəkildə tərksilah olunmalıdırlar. O, hazırda bu prosesin həyata keçirildiyini söyləyib.

Milli Məclisin sədri bildirib ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı müzakirələr aparılır və artıq Qarabağın erməni icmasının nümayəndələri ilə 2 görüş keçirilib. Xankəndinə humanitar yardım və ərzaq göndərilib. Ermənistana getmək istəyən ermənilərin bölgəni maneəsiz, problemsiz tərk etməsi üçün lazımi şərait yaradılıb, Qarabağda yaşamaq istəyən insanlar orada qalırlar. Spiker Sahibə Qafarova nəhayət, sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib.

Sonra spiker Sahibə Qafarova Parlamentin xatirə kitabını imzalayıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarovanın İrlandiya Respublikası Nümayəndələr Palatasının və Senatının iclas zallarında salamlama mərasimi keçirilib.

Search in archive