Londonda “Cənubi Qafqazda Azərbaycan: Regional iqtisadi və təhlükəsizlik dinamikası” adlı dəyirmi masa keçirilib
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Böyük Britaniyada yerləşən Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) birgə təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə sentabrın 25-də Londonda “Cənubi Qafqazda Azərbaycan: Regional iqtisadi və təhlükəsizlik dinamikası” adlı dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan tərəfdən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Bakı Beynəlxalq Dəniz Limanının baş direktoru Taleh Ziyadov və BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev iştirak edib. Dəyirmi masada “Cənubi Qafqazda dəyişən beynəlxalq siyasət” və "Enerji siyasəti və Orta Dəhliz" mövzusunda müzakirələr aparılıb. Regionda post-münaqişə mövzusuna toxunan məruzəçilər Cənubi Qafqazda hazırda vacib proseslərin getdiyini diqqətə çatdırıblar. Bildirilib ki, Azərbaycanla Ermənistan arasında danışıqlarda əldə olunmuş irəliləyiş sülh müqaviləsinin imzalanması və stabilləşmə perspektivlərini artırır, lakin bəzi vacib məsələlər həll olunmamış qalır.
Qeyd olunub ki, ticarət və tranzit üçün yeni imkanlar açıldıqca xarici aktorların regiona marağı artır, lakin bu həm də geosiyasi və təhlükəsizlik sahəsində rəqabəti gücləndirir.
Bundan əlavə, həmçinin vurğulanıb ki, Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən, regional və dünya bazarlarına enerji təchizatını təmin edən beynəlxalq tranzit və ticarət marşrutu kimi əhəmiyyətli potensiala malikdir.