2024-07-11

Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı Londonda qeyd edilib

Azərbaycanın diplomatik xidmət orqanlarının 105 illik yubileyi və 9 iyul - diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə ölkəmizin Londondakı səfirliyində tədbir keçirilib.

Tədbirdə Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord David Evans, yerli hakimiyyət nümayəndələri, Londonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimai xadimlər iştirak ediblər.

Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov tədbirdə çıxış edərək 1919-cu ildə əsası qoyulmuş Azərbaycan diplomatik xidmət orqanlarının bu il 105 illik yubileyinin geniş qeyd olunduğunu vurğulayıb, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qazandığı nailiyyətlər barədə məlumat verib, ölkəmizin beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi yüksək nüfuza malik olduğunu vurğulayıb. Cari ilin Azərbaycan üçün əlamətdar olduğunu qeyd edən səfir ölkəmizin noyabrda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

Tədbirdə Prezident İlham Əliyevin həyata keçirdiyi strategiya nəticəsində Cənubi Qafqazda yeni mərhələnin başlandığı, artıq münaqişə haqqında deyil, iqlim dəyişikliyi, nəqliyyat dəhlizləri kimi qlobal əhəmiyyətli məsələlərin gündəm mövzusuna çevrildiyi vurğulanıb. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən üç onillik ərzində Azərbaycanı beynəlxalq aləmdə təmsil etməyin diplomatlarımız üçün böyük şərəf olduğu qeyd edilib. Səfir Azərbaycanın diplomatik xidmət orqanlarının bütün əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.

Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqələr laureatı, tanınmış pianoçu və bəstəkar Sevda Məmmədli Azərbaycanın korifey bəstəkarlarının əsərləri, xalq mahnıları, dünya musiqisindən nümunələr və özünün bəstələdiyi əsərlərdən ibarət konsert proqramı ilə çıxış edib. S.Məmmədli, həmçinin qızı - Kral Musiqi Kollecinin məzunu, pianoçu Vüsalə Babayeva və Əməkdar artist, skripkaçı Ceyla Seyidova ilə birlikdə əsərlər ifa edib. Konsert proqramı tədbir iştirakçıları tərəfindən coşqu ilə qarşılanıb.

Sonda dinləyicilər adından çıxış edən Lord Evans ifaçılara minnətdarlığını bildirib və Azərbaycan musiqisinə heyran olduğunu söyləyib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Search in archive