2024-03-29

Londonda azərbaycanlı tələbə və məzunların şəbəkələşmə görüşü keçirilib

Londonda azərbaycanlı tələbə və məzunların şəbəkələşmə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, 9-u London, 4-ü İngiltərə, 2-si Şotlandiya, və 1-i Uelsdən olmaqla ümumilikdə 16 Britaniya universitetində təhsil alan 65 azərbaycanlı tələbə və məzunlarla yanaşı Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov da görüşdə iştirak edib. Görüş Londonda yerləşən dünyanın qabaqcıl təhsil ocaqlarından biri olan London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti, Azərbaycan Respublikası Gənclər Fondu və ASAP - Azərbaycanlı Tələbə və Məzunlar Platformasının dəstəyi ilə təşkil olunub.

Tədbirin əsas məqsədi azərbaycanlı tələbə və məzunlar arasında şəbəkə imkanlarını asanlaşdırmaq, bilik mübadiləsi aparmaq və karyera inkişafının təşviqi olub. Tədbir zamanı səfir Elin Süleymanov şəbəkələşmənin rolu, Dövlət Proqramının tələbələr üçün əhəmiyyəti haqqında danışıb, akademik fikir mübadiləsinin önəminə toxunub.

 

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Search in archive