2023-12-17

Britaniya ekspertləri COP29-un Azərbaycanda keçirilməsinin qlobal əhəmiyyətindən danışıblar

Londondakı Kings Kollec Universitetində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il Azərbaycanda keçiriləcəyinə həsr olunan müzakirələr təşkil edilib.

Qeyd olunub ki, Britaniyada nəşr olunan "Diplomat" jurnalı, Siyasət İnstitutu və Sıfır Emissiya Missiyası üzrə Koalisiyanın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Britaniyanın tanınmış siyasətçiləri və iqlim sahəsində aparıcı ekspertləri, o cümlədən keçmiş Baş nazir Tereza Mey, Enerji Təhlükəsizliyi və Sıfır Emissiya üzrə Kölgə naziri Ed Miliband, Britaniyanın keçmiş Biznes, Enerji və Sənaye naziri Kris Skidmor, Londondakı diplomatik korpus nümayəndələri, akademik dairələr iştirak edib.

Açılışda çıxış edən Tereza Mey yaşıl enerjinin ekoloji və iqtisadi faydalarından bəhs edib və ölkəsinin sıfır emissiya məqsədi istiqamətində gördüyü işlər və planlarından söhbət açıb. Xanım Mey ölkələri COP-28-də qəbul olunmuş qərarları vaxt itirmədən icra etməyə çağırıb.

Tədbir çərçivəsində "Gələcək COP tədbirləri üçün ambisiyalar nələrdən ibarət olmalıdır" mövzusunda paneldə çıxış edən Azərbaycan Respublikasının Britaniyadakı səfiri Elin Süleymanov bildirib ki, Azərbaycanın COP-29-a ev sahibliyi etməklə bağlı namizədliyini Şərqi Avropa qrupundakı digər ölkələrlə yanaşı, Ermənistanın da dəstəkləməsi tarixi bir hadisədir. Bunun iki ölkə arasında birbaşa ikitərəfli danışıqlar nəticəsində mümkün olduğuna vurğu verən E.Süleymanov yaşıl enerjiyə keçidlə bağlı səylərin regionda davamlı sülhə də töhfə verməsinin sevindirici olduğunu əlavə edib. O qeyd edib ki, Ermənistan da daxil olmaqla Şərqi Avropa qrupuna daxil olan bütün ölkələrin yekdilliklə Azərbaycanın namizədliyini dəstəkləməsi ölkəmizə göstərilən etimadın nəticəsidir. Bu həm də təkcə Azərbaycanın deyil, bütün regionun uğurudur və Azərbaycan COP tədbirinin növbəti ev sahibi kimi bütün regionu təmsil edəcəkdir.

Səfir nəzərə çatdırıb ki, Azərbaycan alternativ enerjiyə keçid səylərinə görə regionda liderdir və bu istiqamətdə fəaliyyətləri gün keçdikcə artırır. Bildirilib ki, Azərbaycanın 2019-cu ildən etibarən 120 üzv ölkənin üzv olduğu Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi ölkəmizin çoxsaylı tərəflərin maraqlarını bir nöqtədə birləşdirməyə və konsensus əldə etməyə qadir olduğunun göstəricisidir. Azərbaycanın yaşıl enerjiyə keçidlə bağlı atdığı konkret addımlardan bəhs edən E.Süleymanov söyləyib ki, inkişaf etməkdə olan ölkələrin zəruri texnologiya və investisiyalara çıxışının təmin edilməsi COP çərçivəsində qoyulan hədəflərə çatmaq üçün mühüm əhəmiyyət kəsb edir. O, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi inkişaf etməkdə olan ölkələrin COVID-19 pandemiyası əleyhinə vaksinlərə ədalətli çıxışının təmin edilməsi istiqamətində nəticə-yönümlü təcrübəsini nümunə gətirərək vurğulayıb ki, Azərbaycan COP-29-a ev sahibliyi çərçivəsində digər məsələlərlə yanaşı, inkişaf etməkdə olan ölkələrin zəruri texnologiyalarla təmin olunması məsələsini irəli apara bilər. Səfir COP-29 tədbirinə ev sahibliyi edəcək Azərbaycanın prosesə müsbət töhfə vermək və tədbiri uğur hekayəsinə çevirmək üçün bütün tərəfdaşlarla işləməyə hazır olduğunu diqqətə çatdırıb.

Eyni paneldə çıxış edən, daha əvvəl Britaniyanın Birlik Ölkələri, Enerji, İqlim və Ətraf-mühit məsələləri üzrə naziri kimi çalışmış Lord Goldsmith biomüxtəliflik və təbiətin qorunması və canlandırılması kimi məsələlərə diqqət çəkərək bu istiqamətdə Azərbaycanın ev sahibliyi ilə keçiriləcək növbəti COP tədbirində konkret addımların atılmasının arzuolunan olduğunu deyib.

Çıxış edənlər COP-28 tədbirinin yekununda qəbul olunmuş sənədlərdə ənənəvi yanacaq vasitələrindən keçid məsələsi barədə razılıq əldə olunmasını mühüm irəliləyiş kimi qiymətləndiriblər. Çıxışçılar, həmçinin gələcək COP tədbirlərində prosesə özəl sektorların cəlb edilməsinin, təbiət və biomüxtəlifliyin qorunması, eləcə də iqlim dəyişikliyinin sağlamlığa olan zərərlərinin prioritet sahələr kimi nəzərdə saxlanmasının vacibliyini vurğulayıb. İqlim dəyişikliyinin qarşısının alınması üçün ən vacib elementin indiyədək keçirilən tədbirlərdə qəbul olunmuş qərarların icrasından birbaşa asılı olduğunu söyləyən çıxışçılar birmənalı olaraq Azərbaycanın ev sahibliyi ilə keçiriləcək COP-29 tədbirindən bu istiqamətdə müsbət gözləntilərin yüksək olduğunu bildirib.

Tədbirin sonunda çıxış edən Enerji Təhlükəsizliyi və Sıfır Emissiya üzrə Kölgə naziri Ed Miliband Britaniyanın prosesə sadiqliyinə diqqət çəkib və qeyd edib ki, Azərbaycanda keçiriləcək tədbir də daxil olmaqla növbəti iki il ərzində həyata keçiriləcək işlər iqlim dəyişikliyinin qarşısının alınması üçün dövlətlər tərəfindən müəyyən edilmiş hədəflərə çatılması baxımından həlledici olacaq.

Search in archive