2023-03-10

Azərbaycanın "yaşıl" enerji təşəbbüsü çox vacibdir və Britaniya Azərbaycanın əsas tərəfdaşı olacaq - Rişi Sunak

Bu gün Azərbaycanın "yaşıl" enerji istehsalı təşəbbüsü, Qara dənizdən keçən enerji kəməri layihəsi çox vacibdir.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunakın 10-cu Qlobal Bakı Forumuna ünvanlanan məktubunda qeyd edilib.

"Böyük Britaniya “yaşıl enerji”yə keçid məsələsində Azərbaycanın əsas tərəfdaşı olacaq", - o qeyd edib.

Baş nazir həmçinin bildirib ki, Britaniya ekspertləri minaların Azərbaycanın azad edilən ərazilərindən təmizlənməsinə töhfəsini verir.

"Qarşımızda mühüm vəzifə durur. Biz öz azadlıqları uğrunda mübarizə aparan ölkələrə kömək etməliyik", - deyə məktubda qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Search in archive