2023-01-25

20 Yanvar şəhidlərinin xatirəsi Böyük Britaniyada anılıb

London, 21 yanvar, AZƏRTAC

20 Yanvar faciəsi şəhidlərinin xatirəsi Böyük Britaniyada da anılıb.

AZƏRTAC xəbər verir ki, səfirliyin dəstəyi ilə London Universitet Kolleci (UCL) və London Kral Kollecinin (King’s Collage London) Azərbaycan cəmiyyətləri tərəfindən təşkil olunan mərasimdə Britaniya ictimaiyyətinin və Londonda yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Əvvəlcə Qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan səfir Elin Süleymanov Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının sədri və Londonda fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Əli Təkin Atalar, britaniyalı jurnalist Neil Vatson və digərləri çıxış ediblər.

Çıxışlarda həmin hadisələr Azərbaycan xalqının yaxın tarixinin ən şərəfli səhifələrindən, ölkəmizin müstəqilliyinin və suverenliyinin bərpasının başlanğıcı kimi xarakterizə edilib, şəhid olanların xatirəsinin daim əziz tutulduğu vurğulanıb. Sovet İttifaqının süqutunu sürətləndirən bu hadisələrin Azərbaycan xalqının özünüdərk və milli kimliyinin möhkəmlənməsində müstəsna rol oynadığı qeyd edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həmin dövrdə əsl cəsarət və liderlik nümunəsi nümayiş etdirərək, xalqımızın keşməkeşli vaxtında onun yanında olduğu xatırlanıb.

Səfir E.Süleymanov çıxışında 20 Yanvar hadisələrinin Azərbaycan xalqının yaddaşına əbədi yaşayacağını, onun məğrurluğunu nümayiş etdirən faciəli hadisə olduğunu bildirib. O, bu torpaqların bizə şəhidlərdən əmanət qaldığını və Qələbəmizi qorumaq üçün daim güclü olmağımızın, Prezident İlham Əliyevin ətrafında sıx yumruq kimi birləşməyimizin lazım olduğunu bildirib.

20 Yanvar hadisələrində ölkəmizin azadlığı və suverenliyi uğrunda həyatlarını qurban verən şəhidlərimizin mübarizəsi ilə 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən şəhidlərimizin mübarizəsinin oxşar olduğuna diqqət çəkilib, işğal altındakı torpaqlarımızı azad edən oğullarımızın məhz 1990-cı ilin 20 Yanvar tarixində Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərdən nümunə götürdükləri bildirilib.

Sonda 20 Yanvar hadisələrinə dair qısametrajlı film nümayiş olunub.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

20 Yanvar şəhidlərinin xatirəsi Böyük Britaniyada anılıb - AZƏRTAC (azertag.az)

Search in archive