2022-03-28

Londonda Novruz bayramı qeyd olunub

London, 22 mart, AZƏRTAC

İngiltərənin paytaxtı Londonda Novruz bayramı təntənə ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Britaniya-Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Elin Süleymanov, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Salhat Abbasova, Lordlar Palatasının üzvü Lord David Evans, Londonun Enfield bölgəsinin meri Sabri Özaydın, tanınmış dizayner Zeynep Kartal, Hakney bələdiyyə rəsmisi Can Ozşen və diaspora üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova Novruz bayramının xalqımızın milli-mədəni irsinin ən gözəl nümunəsi və ümumbəşəri dəyərlərini özündə ehtifa etdiyini qeyd edərək Komitə rəhbərinin təbrikini də qonaqların diqqətinə çatdırıb.

Səfir Elin Süleymanov çıxışında qonaqları bayram münasibəti ilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Daha sonra çıxış edən Lord Evans qonaqları Novruz münasibəti ilə təbrik edərək tədbirdə iştirak etdiyi üçün xoşbəxt olduğunu bildirib və azərbaycanlılar üçün əziz olan bayrama həsr olunan tədbirə dəvət edildiyinə görə təşəkkürünü bildirib.

Tədbir zamanı Lord Evansa “Karabakh ”, Sabri Özaydına isə “Azerbaijani Carpets” kitabları təqdim olunub.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən “Qarabağ” Məktəbinin şagirdləri milli geyimlərlə rəqs nömrələri və mahnılarla çıxış ediblər. Çıxışdan sonra Lord Evans tələbələrə Novruz şənliyində iştirak etdikləri üçün sertifikat təqdim edib.

Şənlikdə həmçinin “Little Star” türk qrupunun uşaqları da öz performanslarını təqdim ediblər.

Azərbaycan Respublikasının Xalq artisti, mezzo-soprano Fidan Hacıyevanın ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı və digər xalq mahnıları səsləndirilib.

Bayram tədbiri rəqs nömrələri, oyunlar və mahnılarla davam edib. Qonaqlar Azərbaycan milli mətbəxi ilə yanaşı, Novruz şirniyyatları və çay süfrəsinə qonaq edilib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

Search in archive