“Kings” Kollecdə COP29-un nəticələrinə həsr olunmuş konfrans keçirilib
Londonda yerləşən nüfuzlu təhsil ocağı “Kings” Kollecdə COP29-un nəticələrinə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, “Kings” Kollecinin Siyasət İnstitutu, Londonda fəaliyyət göstərən İqlim Fəaliyyəti Koalisiyası, Britaniyada nəşr olunan nüfuzlu “Diplomat” jurnalı redaksiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Bakıda əldə olunmuş razılaşmalar, Azərbaycanın COP irsi və COP prosesində gələcək ambisiyalar müzakirə edilib.
Tədbirdə kollecin prezidenti, professor Shitij Kapur, İqlim Fəaliyyəti Koalisiyasının sədri, Britaniyanın sabiq enerji naziri Chris Skidmor, Britaniyanın Enerji təhlükəsizliyi və xalis sıfır nazirliyinin rəsmisi David Saddinqton, City of London-un nümayəndəsi Kerstin Mathias və digər tanınmış iqlim ekspertləri çıxış ediblər. Çıxış edənlər mövcud geosiyasi və qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanın Sədrliyi ilə COP29-da maliyyə məqsədi və karbon bazarları ilə bağlı vacib qərarların qəbul edilməsinin əhəmiyyətini vurğulayıb.
Konfransın ilk panelində çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov qeyd edib ki, Azərbaycanın COP29-a hazırlaşmağa bir ildən az vaxtı var idi. Eyni zamanda tədbir olduqca mürəkkəb qlobal geosiyasi kontekstlər fonunda baş tuturdu. Diplomat əlavə edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan Sədrliyinin əzmkarlığı və səyləri nəticəsində COP29 qarşıya qoyulan hədəflərə nail ola bilib.
Səfir həmçinin COP29-da ali səviyyədə və konstruktiv iştirakına görə Britaniya tərəfinə təşəkkür edib. Diplomat Britaniyanın Baş naziri Kir Starmerin COP29-da iştirak üçün Azərbaycana səfər etməsinin bu ölkənin iqlim gündəliyinə olan qayğısının əyani sübutu olduğunu deyib. COP29-un irsi və fəaliyyət gündəliyindən də bəhs edən Elin Süleymanov Azərbaycanın inkişaf etməkdə olan, eləcə də kiçik ada dövlətlərinin üzləşdiyi iqlim problemləri ilə bağlı gündəliyə töhfə verməyə davam edəcəyini söyləyib.
Tədbirdə bəzi ekspertlərin qəbul olunan maliyyə hədəfinin mövcud iqlim problemlərinin miqyası ilə uyğun gəlmədiyinə dair fikirlərinə cavab olaraq səfir bildirib ki, Azərbaycan tərəfi üçün də daha böyük rəqəmin razılaşdırılması arzuolunan idi. Bununla belə, nəzərə almaq lazımdır ki, COP-da qərarlar konsensus tələb edir və bu heç də asan proses deyil. Bu xüsusda, azərbaycanlı diplomat COP29 Prezidenti Muxtar Babayevin “The Guardian” qəzetində çıxan müvafiq məqaləsində danışıqlar prosesinin gedişatını aydın təsvir etdiyinə istinad edib.
COP29-da regional səviyyədə baş tutan müsbət inkişaflardan da söz açan Elin Süleymanov Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında imzalanmış yaşıl enerji üzrə strateji tərəfdaşlıq müqaviləsini nümunə gətirib.
Paneldə çıxış edən Avropa İttifaqının Britaniyadakı nümayəndəliyinin iqlim məsələləri üzrə mütəxəssisi maliyyə COP-una ev sahibliyi etməyin asan olmadığına diqqət çəkərək Azərbaycanda keçirilən maliyyə COP-unda nəticə əldə olunmasını alqışlayıb. İtki və zərər fondundan danışarkən o bildirib ki, mövcud alətləri bu sahəyə yönəltməklə prosesi sürətləndirmək barədə qərar Aİ üçün önəmlidir. Aİ diplomatı Britaniyanın iqlim məsələlərində proqressiv roluna toxunaraq bu ölkənin Azərbaycan Sədrliyi ilə konstruktiv əməkdaşlığının nəticəyə müsbət təsir etməsinin təqdirəlayiq olduğunu deyib.
Dünyanın əsas maliyyə mərkəzi “City of London”un innovasiyalar üzrə direktoru Kerstin Mathias nəzərə çatdırıb ki COP29-un diqqət çəkən müsbət elementi nəticəyönümlü olması idi. İstər sədrlik, istərsə də tədbirdə iştirak edən bütün qruplar nəticə əldə edilməsində maraqlı idilər. Xüsusi olaraq vurğulayıb ki bu əlamət öncəki illərdə keçirilən COP-larda çox müşahidə edilmirdi.
Britaniyanın enerji təhlükəsizliyi və xalis sıfır nazirliyinin rəsmisi David Saddinqton çıxışında COP29-da əldə edilmiş razılaşmanı irəliyə doğru addım adlandırıb.
Forumda əsas çıxışçı qismində danışan “Commonwealth” Millətlər Birliyinin baş katibi Baronessa Patrisiya Skotland COP29-un uğurla nəticələnməsi həqiqətinin hər bir kəs tərəfindən yüksək qiymətləndirilməli olduğuna diqqət çəkib. O, prosesə töhfəsinə görə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevə xüsusi təşəkkürünü ifadə edib. COP proseslərinin faydalı olduğunu deyən Baş katib iqlim mübarizəsinin davam etməsinin vacibliyini vurğulayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London