2024-11-04
Böyük Britaniyadakı icmamız Zəfər Günü bayramı üçün bir yerə gəlib, “Qarabağ” məktəbinin “Can Azərbaycan” klipinin təqdimatı baş tutub
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən “Qarabağ” məktəbinin və Azərbaycanın Londondakı səfirliyinin birgə təşkilatçılığı ilə Zəfər Günü bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbir Azərbaycan himninin bütün qonaqların birgə ifa etməsilə başlayıb.
Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova zəfərə gedən yolun məşəqqətli olmasından, amma xalqımızın bu yolu uğurla başa çatdırmasından söz açıb.
Çıxışların ardından həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən “Qarabağ” məktəbinin üzvləri, xüsusilə uşaqların ifasında çoxsaylı milli mahnılar səsləndirilib.
Sonda Rasim və Səadət Fərziyevaların məktəb üzvləri ilə birlikdə xüsusi zəhməti nəticəsində ərsəyə gəlmiş Zəfər Günü münasibətilə hazırlanmış “Can Azərbaycan” video klipinin təqdimatı baş tutub.
Daha sonra çıxış edən səfir Elin Süleymanov Azərbaycanın şanlı zəfər tarixindən bəhs edib, bu tarixin Ali Baş Komandan cənab Prezident İlham Əliyevin müdrik siyasəti və qətiyyətli iradəsi sayəsində mümkün olduğunu bildirib. Bu gün müstəqil Azərbaycanı sabitlik diyarına çevirən əsas amil də məhz xalqımızın ölkə Prezidenti ətrafında bir yumruq kimi birləşməsi olduğunu söyləyib. Səfir bu zəfərin müəllifinin Azərbaycan xalqı olduğunu vurğulayıb və bu müvəffəqiyyətin gələcək uğurlarımızın təməlini qoyduğunu qonaqların diqqətinə çatdırıb. Diplomat qeyd edib ki, beynəlxalq hüququn bütün normalarına uyğun torpaqlarımızın işğaldan azad edilməsinə baxmayaraq bəziləri bunu hələ də həzm edə bilməyərək ölkəmizə qarşı uğursuz qarayaxma kampanyası aparmaq ilə məşğuldurlar.
Öz növbəsində, Londonda fəaliyyət göstərən “Azərbaycan evi”nin rəhbəri Dr. Əli Təkin Atalar və tanınmış tarzən Rafiq Rüstəmov öz ürək sözlərini və təbriklərini bildirib.
Daha sonra Böyük Britaniyada yaşayan azərbaycanlı Emiliya Cəbrayılovanın müəllifi olduğu “Bülbül” adlı kitabın təqdimatı keçirilib. “Bülbül” kitabı, uşaqlara Azərbaycan əlifbasını öyrətmək üçün rəngarəng və əyləncəli şəkildə hazırlanmış bir əlifba kitabıdır.
Qeyd edək ki, kitab Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çap olunub.
Qeyd edək ki, kitab Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çap olunub.
Tədbirin sonunda səfir bütün qonaqlara göstərdikləri həmrəyliyə görə dərin təşəkkürünü çatdırıb.