2024-11-04

Londonda Azərbaycan-Türkiyə qardaşlıq axşamında Turan Manafzadənin musiqisi

8 Noyabr - Zəfər Günü ərəfəsində Azərbaycanın Britaniyadakı səfirliyində təşkil edilmiş Azərbaycan - Türkiyə qardaşlıq axşamında bu qardaşlığı öz simasında birləşdirən, Azərbaycanın əməkdar artisti, bəstəkar, pianoçu Turan Manafzadə konsert proqramı ilə çıxış edib.
 
Tədbirdə Türkiyənin Britaniyadakı səfiri Osman Koray Ertaş, Şimali Kipr Türk Cümhuriyyətinin Britaniyadakı nümayəndəsi Çimen Keskin, Tükiyə səfirliyinin əməkdaşları, Azərbaycan və Türkiyə icmasının nümayəndələri, həmçinin fəxri qonaq qismində Britaniya parlamentinin İcmalar Palatasının deputatı Nesil Caliskan iştirak edib.
 
Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə həmvətənlərimizi təbrik edib. Zəfər bayramının çağdaş tariximizin ən böyük bayramı olduğunu qeyd edən səfir bu zəfərin müəllifinin Ali Baş Komandan İlham Əliyev və Azərbaycan xalqı olduğunu vurğulayıb. Şəhidlərimizə rəhmət və qazilərimizə can sağlığı diləyən diplomat Azərbaycan xalqının bu zəfər bayramının bütün türk dünyasının sevinci olduğunu deyib.
29 Oktyabr - Türkiyənin Cümhuriyyət Günü münasibətilə Türkiyə icmasının nümayəndələrini təbrik edən səfir Azərbaycan və Türkiyə xalqlarının bir ailə olduğunu qeyd edib. O, bu qardaşlığın Oğuz xandan Səlcuq xana, Sultan Alparslandan Mustafa Kamal Atatürkə, Ulu Öndər Heydər Əliyevdən Prezident İlham Əliyevə və Prezident Rəcəb Tayyib Ərdoğana kimi əsirlər boyu davam etdiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin məhz bu birliyin daha da möhkəmlənməsinə yönəldiyini söyləyib. Ümummilli Lider Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət”, eləcə də Atatürkün söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının iki ölkənin qardaşlığının rəmzi olduğunu vurğulayıb.
 
Daha sonra çıxış edən Türkiyənin Britaniyadakı səfiri Osman Koray Ertaş belə bir qardaşlıq axşamı təşkil etdiyinə görə öz adından və Türkiyə icması adından Azərbaycanın Britaniyadakı səfirliyinə təşəkkürünü bildirib. Türkiyə səfiri 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan icmasını təbrik edib. Qardaşlıq hisslərinin Azərbaycan və Türkiyə xalqının ürəyindən gəldiyini və bu duyğuların təbii olaraq davamlı şəkildə nəsildən-nəsilə keçdiyini deyən səfir Ertaş bu qardaşlığın əbədi və sarsılmaz olmasını arzulayıb.
 
Tədbir zamanı “Xocalı”, “Çanakkale”, “Nazəndə Sevgilim”, “Mən Səni Araram”, “Çırpınırdın Qaradəniz” kimi musiqi parçaları səsləndirən Turan Manafzadə Qarabağ futbol komandası üçün bəstələdiyi “Qarabağ marşı” və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr etdiyi “Türkiyə 100” marşı ilə konsert proqramını yekunlaşdırıb.

Search in archive