2024-10-22

Azərbaycan Londondakı media layihəsinin diqqət mərkəzində

Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ərəfəsində ölkəmiz Londonda “İngilisdilli Birliyin” (English Speaking Union) nəzdindəki “The New Forum” media layihəsinin diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanovla 90 dəqiqəlik geniş müsahibə yayımlanıb. Xüsusilə gənc nəslin maariflənməsinə yönəlmiş bu media layihəsində dünyada tanınan jurnalist Kristiana Amanpur, siyasətçilər, parlament üzvləri, dövlət rəsmiləri, iş adamları, hərbçilər, diplomatlar qonaq olublar.

Səfir Süleymanov müsahibə zamanı Azərbaycanın dövlət müstəqilliyinin bərpası, müstəqilliyin ilk illərində Azərbaycan xalqının qarşılaşdığı çətinliklər, Ermənistanın hərbi təcavüzü barədə məlumat verib.

Qeyd edilib ki, Sovet İttifaqı çərçivəsində müxtəlif respublikaların ərazisində xalqların muxtariyyətinin mövcud olmasına baxmayaraq Azərbaycan xalqının ölkəmizdən kənarda muxtariyyəti olmayıb. Azərbaycanda vaxtilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılsa da, Ermənistan ərazisində qat-qat daha çox azərbaycanlı yaşamasına rəğmən onlara muxtariyyət verilməyib. Əksinə, Ermənistan ərazisində yaşayan azərbaycanlılar dəfələrlə kütləvi deportasiyaya məruz qalıblar.

Müsahibə zamanı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə sabitliyin bərqərar olması, iqtisadi inkişafın, dövlətçiliyimizin və müstəqilliyimizin möhkəm təməllərinin qoyulması barədə danışılıb.

Bugünkü gərgin beynəlxalq münasibətlər sistemində Prezident İlham Əliyevin uzaqgörən siyasəti, strateji düşüncəsi, idarəçilik qabiliyyəti, verdiyi hər bir sözü yerinə yetirməsi, böyük liderlik keyfiyyətləri, ölkəmizin inkişafında göstərdiyi əvəzsiz xidmətləri ilə xalqımızın dəfələrlə etimadını qazanması vurğulanıb. Məhz Prezidentin apardığı siyasətin nəticəsi olaraq BMT-nin müvafiq qətnamələrinin yerinə yetirilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi diqqətə çatdırılıb.

Səfir ötən əsrin 90-cı illərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında çalışarkən azərbaycanlı qaçqın və məcburi köçkünlərin acınacaqlı durumunun şahidi olduğunu qeyd edib, keçmiş məcburi köçkünlərin hazırda öz torpaqlarına qayıtması üçün şərait yarandığını diqqətə çatdırıb. Prezidentin liderlik xüsusiyyətlərinin Azərbaycan xalqı ilə yanaşı, qonşu ölkələrin, eləcə də dünya dövlətlərinin liderləri tərəfindən dəfələrlə təsdiqləndiyi qeyd olunub.

Müsahibədə bu gün Azərbaycanın regionda lider dövlətə çevrilməsi, Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolu, Azərbaycanın BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik etməsi, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi barədə məlumat verilib.

Həmçinin növbəti ay Azərbaycanın daha bir mötəbər tədbirə - COP29-a ev sahibliyinə hazırlaşması və bu xüsusda irəli sürülən təşəbbüslər diqqətə çatdırılıb. Bunlardan İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması, COP Atəşkəs çağırışı, Kiçik Ada Dövlətləri ilə bağlı təşəbbüslər barədə məlumat verilib. COP29 çərçivəsində qarşıya qoyulmuş iqlim maliyyəsi hədəflərinə nail olmaq məqsədilə dünya ictimaiyyətini razılığa gətirmək üçün Azərbaycanın səylərindən danışılıb.

Səfir regionumuzda münaqişədən deyil, iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışlardan danışılmasını region ölkələri üçün yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib. O, Azərbaycanın qonşu ölkələrlə, xüsusilə də qardaş Türkiyə ilə nümunəvi münasibətləri barədə məlumat verib.

Müsahibədə, həmçinin Azərbaycan və Ermənistan arasında sülh danışıqları barədə məlumat verilib, torpaqlarımız işğaldan azad edildikdən sonra regionun gələcək inkişafı və sabitliyi naminə məhz Azərbaycanın Ermənistana sülh əlini uzatdığı diqqətə çatdırılıb.

Hazırda sülh danışıqlarının davam etdiyi, iki ölkə arasında sərhədlərin müəyyən hissəsinin artıq demarkasiya olunduğu və dayanıqlı sülhün əldə olunması üçün Azərbaycanın ortaya qoyduğu prinsipial mövqe diqqətə çatdırılıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Search in archive