2024-09-16

COP29-un kiçik ada dövlətlərinə dəstəyi hədəfləməsi təqdirəlayiqdir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) kiçik ada dövlətlərinə dəstəyi hədəfləməsi təqdirəlayiqdir.

AZƏRTAC xəbər verir ki, bu fikir Millətlər Birliyinin (Commonwealth) Londondakı qərargahında Birlik ölkələrinin gənc diplomatları üçün keçirilən təlim çərçivəsində “İqlim dəyişikliyi və diplomatiya” mövzusunda təşkil edilən paneldə səsləndirilib.

Paneldə çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov COP29-a hazırlıq prosesi, ölkəmizin tədbir kontekstində əsas məqsəd və hədəfləri, eləcə də COP29-un fəaliyyət gündəliyini formalaşdıran təşəbbüslərdən bəhs edib. Səfir ölkəmizin COP29 çərçivəsində əsas hədəflərindən biri kimi kiçik ada dövlətləri və ümumilikdə inkişaf etməkdə olan ölkələrə dəstək məqsədilə indiyədək atdığı addımlar, o cümlədən İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu barədə iştirakçılara geniş məlumat verib.

Tədbirdə çıxış edənlər - Antiqua və Barbudanın Britaniyadakı ali komissarı Karen Mae Hill, Ruandanın Britaniyadakı ali komissarı Johnston Busingye, Asiya İnkişaf Bankının nümayəndəsi Xiaohong Yang və Millətlər Birliyinin müvafiq nümayəndələri Azərbaycanın COP29-un ev sahibi kimi kiçik ada dövlətlərinə xüsusi dəstək göstərməsini, bununla bağlı əməli addımlar atmasını təqdirəlayiq hesab etdiklərini vurğulayıblar. Onlar iqlim dəyişikliyi barədə ictimai məlumatlılığın artırılması, bu günədək razılaşdırılmış beynəlxalq hədəflərin reallaşdırılması, eləcə də iqlim fəaliyyəti sahəsində indiyədək qazanılmış uğurların və müsbət hekayələrin təşviq edilməsinin əhəmiyyətinə diqqət çəkiblər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Search in archive