2024-05-31

Londonun möhtəşəm məkanında Azərbaycanın bayram təntənəsi

Azərbaycan Respublikasının Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə London şəhərinin ən möhtəşəm məkanlarından biri olan tarixi "Lancaster House"da təntənəli ziyafət keçirilib. 
 
500 nəfərdən çox qonağın qatıldığı tədbirdə Böyük Britaniyanın dövlət və hökumət nümayəndələri, parlament üzvləri, Britaniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, səfirlər və hərbi attaşelər, Azərbaycan, Türk və digər icmaların nümayəndələri, o cümlədən Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi, Lordlar palatasının üzvü Baronessa Emma Nikolson, Lord David Evans, Lord Polak, Baronessa Manzila Uddin, Azərbaycanın İrlandiya Respublikasının Dublin şəhərində yeni təyin olunmuş və ilk fəxri konsulu Terry Leyden və digər mötəbər şəxslər iştirak edib. 
 
Tədbir Londonda yaşayan həmyerlimiz istedadlı müğənni Emin Eminzadənin ifasında Azərbaycan və Böyük Britaniyanın dövlət himnlərinin və Müslüm Maqomayevin "Azərbaycan" kompazisiyasının səsləndirilməsi ilə başlayıb.
 
Açılış nitqi ilə çıxış edən səfir Elin Süleymanov tədbirdə iştirak etmək üçün İrlandiyadan gəlmiş Azərbaycanın Dublin şəhərində yeni təyin olunmuş və ilk fəxri konsulu Terry Leydeni qonaqlara təqdim edib və ona fəaliyyətində uğurlar arzulayıb. 
 
Daha sonra səfir Müstəqillik Günü ilə yanaşı Silahlı Qüvvələr Gününün də qeyd edildiyini bildirərək, bu gün Azərbaycanda mülki əhalinin əmin-amanlıq şəraitində yaşamasının məhz qəhrəman hərbçilərimizin sayəsində mümkün olduğunu vurğulayıb və Azərbaycan xalqının silahlı qüvvələrin hər bir fərdinə minnətdar olduğunu bildirib. Səfir Azərbaycan ordusunun müzəffər olmaqla yanaşı beynəlxalq humanitar hüquqa uyğun şəkildə və ləyaqətlə torpaqlarımızı işğaldan azad etdiyini və bununla dünyada örnək olduğunu vurğulayıb. 
 
Səfir 20-ci əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının həmin dövrün çağırışlarına cavab verən mütərəqqi dövlət qurduqlarını vurğulayıb. Bugün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin müasir dövrün ən əhəmiyyətli çağırışlarına cavab verdiyini, bu xüsusda Azərbaycanın qlobal iqlim dəyişikliyilə mübarizə aparan ölkələrin ön sırasında olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının hal-hazırda Azərbaycanın əldə etdiyi nailiyyətləri görsəydilər fəxr edəcəklərindən əmin olduğunu qeyd edib. 
 
Səfir həmçinin çıxışında Azərbaycan və Britaniya arasında mövcud olan etibarlı tərəfdaşlıqdan bəhs edib. Ənənəvi enerji sahəsilə yanaşı, bərpa olunan enerji sahəsində birgə layihələrin həyata keçirildiyini, bu xüsusda BP şirkətinin aparıcı rol oynadığını vurğulayıb. Həmçinin işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında və mina təmizləmə fəaliyyətində Britaniya şirkətlərinin yaxından iştirakını diqqətə çatdırıb. 
 
Səfir Böyük Britaniyanın Cənubi Qafqaz regionunda inteqrasiya prosesini, eləcə də "Orta Dəhliz"in inkişafı ilə bağlı Türk Dövlətləri Təşkilatının təşəbbüslərini dəstəklədiyini xüsusi vurğulayıb. Mədəniyyət sahəsində əməkdaşlıqdan danışan səfir hər il olduğu kimi bu il də, Vindzor Kral Atçılıq Şousunda Azərbaycanın yüksək səviyyədə təmsil olunduğunu qeyd edib. 
 
 Səfir çıxışında cari ilin noyabr ayında Azərbaycanda COP29 konfransının keçiriləcəyini qeyd edib və bu mötəbər tədbirə ev sahibliyi etməyin böyük şərəf və məsuliyyət olduğunu vurğulayıb. COP29-a hazırlıq prosesində britaniyalı tərəfdaşlara göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. 
 
 COP29-un Azərbaycanda keçirilməsinin Cənubi Qafqaz regionu üçün ilk olduğunu qeyd edən səfir, bu tədbirin ölkəmizdə keçirilməsinin Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları prosesinin ilkin və ən əhəmiyyətli nəticələrindən biri olduğunu diqqətə çatdırıb. Səfir iki ölkənin heç bir zaman sülhə bu qədər yaxın olmadığını qeyd edib və iki ölkə arasında sərhədlərin delimitasiyasına başlanmasının sülhün tezliklə əldə olunmasına böyük inam yaratdığını vurğulayıb. 
 
Səfir onilliklərlə zorakılıq simvolu kimi adı çəkilən Xocalıda artıq yenidənqurma və bərpa prosesinin həyata keçirildiyini, məcburi köçkünlərin böyük qayıdşının başlandığını və gələcəkdə Xocalının faciə simvolundan sülh və əmin-amanlıq simvoluna çevriləcəyini vurğulayıb. 
 
 Daha sonra çıxış edən Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri səfir Kristofer Allan Azərbaycan dilində müstəqillik günümüzü təbrik edib. Kris Alan çıxışında qlobal təhdidlərə qarşı mübarizədə Azərbaycan və Britaniyanın çiyin-çiyinə mübarizə apardığını qeyd edib. İki ölkə arasında sıx ticarət əlaqələrinin mövcud olduğunu bildirib. İkitərəfli münasibətlərin zəngin gündəliyə malik olduğunu qeyd edib, yüksək səviyyəli qarşılıqlı səfər mübadilələrinin həyata keçirildiyini, ötən il Avropa üzrə Dövlət Nazirinin iki dəfə Azərbaycanda səfərdə olduğunu, ölkələrimiz arasında strateji dialoqun keçirildiyini bildirib. Britaniya hökumətinin Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarını dəstəklədiyini qeyd edib, sərhədlərin delimitasiyasına başlanmasını alqışladıqlarını bildirib. COP29-a hazırlıq prosesində Azərbaycana uğurlar arzulayıb və Britaniyanın bu sahədə təcrübəsini bölüşməyə hazır olduğunu qeyd edib. 
 
 Çıxışlardan sonra Azərbaycan və Birləşmiş Krallıq arasında əməkdaşlığın, cənab Prezident İlham Əliyevin və Kral III Çarlzın şərəfinə badələr qaldırılıb.
 
Daha sonra tədbir musiqili proqramla davam edib. Tədbir çərçivəsində "Qardabani" şirkətlər qrupu tərəfindən Azərbaycanda istehsal olunan “Meysəri” şərablarının və "Azqranata" içkilərinin təqdimatı və dequstasiyası təşkil edilib. Qonaqlara Azərbaycan mətbəxinin ləziz təamlarından ibarət ziyafət verilib.  
 
Tədbirin keçirildiyi "Lancaster House" Britaniyanın ən elit və məşhur məkanlarından biridir. Britaniya hökümətinə aid olan bu binada hər il çoxsaylı dövlət tədbirləri keçirilir. Böyük tarixi əhəmiyyətə malik olan bu bina bir çox vacib toplantılara, tarixi sənədlərin imzalanmasına şahidlik edib. Bina həmçinin mədəniyyət baxımından da mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu binada bir sıra məşhur filmlər, o cümlədən Kraliça II Elizabetin həyatından bəhs edən məşhur " The Crown” (Tac) serialı çəkilib.

Search in archive