2024-05-20

Nazir: Azərbaycanlı tələbələrin dünyanın nüfuzlu universitetlərinə qəbul olunması sevindirici haldır

Dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Britaniya universitetlərində dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı tələbələrlə ölkəmizin Birləşmiş Krallıqdakı səfirliyində keçirdiyi görüş zamanı deyib.

E.Əmrullayev tələbələrə Azərbaycanda elm və təhsil sahəsində aparılan islahatlar və gələcək planlar barədə məlumat verib. Xüsusən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi planlaşdırılan irimiqyaslı təhsil layihələrindən bəhs edən elm və təhsil naziri Şuşada tikilməkdə olan unikal məktəb, eləcə də Xankəndidə tikilməkdə olan Qarabağ Universiteti və bu kontekstdə nəzərdə tutulan layihələrdən söz açıb.

Nazir bildirib ki, Qarabağ Universiteti əslində yeni məfhum deyil və 1969-cu ildən etibarən Xankəndidə mövcud olan pedaqoji universitetin davamıdır. Xankəndi Universitetində riyaziyyat, kompüter elmləri, təbiətşünaslıq, turizm, musiqi, iqtisadiyyat və biznes, humanitar və digər sahələr olmaqla müxtəlif ixtisasların açılacağını deyən Emin Əmrullayev qeyd edib ki, məqsəd bu universiteti beynəlxalq elm və tədqiqat mərkəzi, həmçinin Qafqazın keyfiyyətli ali təhsil mərkəzinə çevirməkdir.

Bundan əlavə, xaricdə təhsil üzrə müxtəlif dövlət proqramları, ali təhsil ocaqları, ikili proqramlar, beynəlxalq təhsil layihələri barədə də danışan nazir Azərbaycanda doktorantura təhsilinin inkişafı sahəsində görülməkdə olan işlər haqqında da məlumat verib.

Emin Əmrullayev dövlət proqramı çərçivəsində azərbaycanlı tələbələrin daha çox dünyanın ən nüfuzlu və yüksək keyfiyyətli universitetlərinə qəbul olunmasının sevindirici hal olduğunu vurğulayıb, bu göstəricinin önümüzdəki illərdə də artan dinamika ilə davam edəcəyinə ümid ifadə edib.

Daha sonra E.Əmrullayev azərbaycanlı tələbələrin müxtəlif suallarını cavablayıb.

Qeyd edək ki, elm və təhsil naziri 19-22 may tarixlərində London şəhərində keçirilməkdə olan Dünya Təhsil Forumunda iştirak etmək üçün Birləşmiş Krallıqda işgüzar səfərdədir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Search in archive