2024-05-06

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib

Böyük Britaniyada keçirilən “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycan nümayəndə heyətinin tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanan çıxışları uğurla başa çatıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tərkibinə DSX-nin rəqs ansamblı, 20 Qarabağ atından ibarət süvarilər dəstəsi və “Land of Fire” polo komandasının daxil olduğu nümayəndə heyətinin tədbirdə iştirakı Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə baş tutub.

Mötəbər tədbirdə təmsilçilərimiz tərəfindən çılğınlığı və gözəlliyi ilə özünə heyranlar ordusu toplamış, performansı ilə xüsusi seçilən Qarabağ atları, ecazkar milli musiqimiz və zərif Azərbaycan rəqslərindən ibarət olan “Koroğlu” adlı şou-kompozisiya təqdim edilib.

100 mindən artıq tamaşaçının izlədiyi şou-kompozisiyada Koroğlu rolunu Azərbaycanın xalq artisti Yusif Eyvazov və əməkdar artist Tural Ağasiyev, Nigar rolunu əməkdar artist Afaq Abbasova və Fatimə Cəfərzadə peşəkarlıqla ifa ediblər.

Milli musiqi alətlərimizin ifasında “Qarabağ cəngisi”nin bənzərsiz sədalarından, əməkdar artist Fərid İbrahimovun rəhbərliyi ilə “Sərhədçi” rəqs ansamblının hərarətli rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən, qeyri-adi perfomanslarından ibarət şou-kompozisiya Böyük Britaniya tamaşaçısının xüsusi marağına səbəb olub. Şou müddətində süvarilərimiz Azərbaycan Respublikası və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırıblar.

Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə tariximizi, mədəniyyətimizi və xalçaçılıq sənətini özündə tərənnüm edən “Azerbaijan Cultural” tenti qurulub və iştirakçıların böyük marağına səbəb olub.

Milli mətbəximizin nümunələrinin təqdim olunduğu və Kral ailəsinin üzvlərinin iştirak etdiyi Azərbaycan naharında ləziz təamlarımız xüsusi rəğbətlə qarşılanıb. Nahar zamanı təmsilçilərimizin təqdim etdikləri şou-kompozisiya böyük maraqla izlənilib.

“Vindzor Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Kralı III Çarlz ilə görüşüb, tanınmış heykəltaraş Faiq Hacıyevin “Zəfər adlı Dilbaz atı” əsəri və Rəssamlar İttifaqının üzvü Elnur Mahmudovun qədim gümüş alətlərinin təsvir olunduğu rəsm əsəri hədiyyə edilib.

May ayının 4-də Elçin Camallının baş məşqçisi və kapitanı olduğu Azərbaycanın “Land of Fire” komandası ilə Böyük Britaniyanın ən nüfuzlu “Guards Polo Club” komandası arasında yoldaşlıq oyunu baş tutub. Dünya atçılığına “Çövkən” oyununu bəxş etmiş Azərbaycan təmsilçiləri ilə Avropada polo oyununun təşəkkül tapdığı Böyük Britaniya komandası arasında ilk yoldaşlıq görüşü kimi əlamətdar olan və gərgin mübarizə şəraitində keçən qarşılaşma 6:4 hesabı ilə komandamızın xeyrinə başa çatıb.

 

Search in archive