2024-03-06

Britaniya parlamentində Azərbaycanın üzləşdiyi mina təhlükəsi barədə danışılıb

Britaniya parlamentində Azərbaycanın üzləşdiyi mina təhlükəsi barədə məlumatlılığın artırılması məqsədilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Britaniya parlamentində fəaliyyət göstərən Partlayıcı qurğulardan qaynaqlanan təhlükələr qrupu və mina qurbanlarına uzun müddətli dəstək məsələlərini təşviq edən REVIVE adlı qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Azərbaycanın Britaniyadakı səfirliyinin dəstəyi ilə təşkil etdiyi tədbir “Azərbaycanda mina fəaliyyəti və mina qurbanlarına yardım” mövzusuna həsr olunub.

Tədbirdə Britaniya parlamentinin, Britaniya Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin nümayəndələri, britaniyalı akademik və ekspertlər, minalardan təmizləmə məsələləri ilə məşğul olan təşkilatların üzvləri və media təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov 30 illik işğal və hətta ondan sonrakı dönəmdə Ermənistanın Azərbaycan ərazilərində minlərlə mina basdırması və bunun ağır humanitar nəticələrindən bəhs edib. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinin regionda sülhün əldə edilməsi üçün vacib amillərdən biri olduğunu deyən səfir Süleymanov bu istiqamətdə göstərdiyi maliyyə və ekspert dəstəyinə görə Britaniya hökumətinə təşəkkür edib. Minaların təkcə insan həyatı üçün deyil, ətraf-mühit üçün də zərərli olduğunu bildirən səfir təhlükənin bu aspektinə diqqət çəkmək üçün Azərbaycan tərəfindən atılacaq addımlar, o cümlədən bu il Bakıda keçiriləcək COP29 tədbiri çərçivəsində mövzu üzrə keçirilməsi planlaşdırılan yan tədbir barədə məlumat verib. Ötən ilin iyun ayında ANAMA-nın müxtəlif beynəlxalq tərəfdaşlar, o cümlədən “Mine Advisory Group” ilə tərəfdaşlıq nəticəsində Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılması üçün təlimlərin keçirilməsinə istinad edən səfir bu məqamı ölkə gündəmi üçün bütün vacib məsələlərdə qadınların roluna verilən əhəmiyyət kimi xüsusi vurğulayıb.

Parlamentdə fəaliyyət göstərən Partlayıcı qurğulardan qaynaqlanan təhlükələr qrupunun sədri, İcmalar Palatasının deputatı Matthew Offord qeyd edib ki, həddindən artıq ağır və çətin təhlükə olmasına baxmayaraq minalar məsələsinə beynəlxalq diqqətin lazımı səviyyədə olmaması təəssüf doğurur. O, sədrlik etdiyi qrupun Azərbaycandakı mina təhlükəsi ilə bağlı gördüyü işlərdən qürur duyduğunu söyləyib, əməkdaşlıq üçün Azərbaycan tərəfinə minnətdarlıq edib, görülən işin Azərbaycan üçün faydaları ilə yanaşı, qazanılmış təcrübənin mina təhlükəsi ilə üzləşən digər coğrafiyalarda da tətbiqi baxımından vacib olduğunu bildirib. M.Offord qrupun Azərbaycana bu xüsusda dəstəyini siyasi yanaşma kimi deyil, məhz humanitar əsaslı və əhalinin gələcək rifahına yönəlmiş fəaliyyət kimi vurğulayıb.

Daha sonra ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov “Mina çirklənməsi və onun dayanıqlı inkişafa təsirləri” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın üzləşdiyi mina çirklənməsinin miqyası, Ermənistan tərəfindən təkcə hərbi deyil, mülki obyektlərin, hətta qəbiristanlıq və su quyularının belə minalanması, mina insidentlərinin qurbanları və partlayışların baş verdiyi ərazilər üzrə statistika barədə məlumat verilib. S.Poladov, həmçinin ANAMA-nın ərazilərin minalardan təmizlənməsi istiqamətində gördüyü işlər və istifadə edilən texnikadan danışıb. ANAMA-nın mina riskləri üzrə əhali arasında maarifləndirmə istiqamətində həyata keçirdiyi tədbirlərə də diqqət çəkən S.Poladov mina təmizləmə fəaliyyətinin Azərbaycanda 18-ci dayanıqlı inkişaf məqsədi elan edildiyini nəzərə çatdırıb. Təqdimatın sonunda bu günədək minalardan təmizləmə fəaliyyətində Azərbaycana dəstək olan ölkə və təşkilatlara təşəkkür edilib, təhlükənin miqyası və çətin xarakteri xatırladılaraq beynəlxalq tərəfdaşların minatəmizləmə səylərinə dəstəyi davam etdirmələri xahiş olunub.

Tədbir zamanı Britaniya Müdafiə Nazirliyinin rəsmisi Nigel Marş qurumun ANAMA ilə birlikdə mina çirklənməsinin həlli istiqamətində gördüyü işlər və Britaniyanın müvafiq şirkətlərinin həyata keçirdiyi təlimlər barədə danışıb. O, Azərbaycanda mina çağırışı ilə bağlı keçirilən beynəlxalq konfransların bu barədə məlumatlılığın artırılması və daha çox tərəfdaş cəlb edilməsi baxımından faydalı olduğunu deyib.

Britaniyada fəaliyyət göstərən “Mine Advisory Group” – MAG adlı qeyri-hökumət təşkilatının nümayəndəsi qurumun Azərbaycanda həyata keçirdiyi layihələr və qabiliyyətlərin artırılmasına verdiyi töhfələrdən söz açıb.

Beynəlxalq əsasda fəaliyyət göstərən və 2022-ci ildə Britaniyada da filialı açılan APOPO adlı qeyri hökumət təşkilatının nümayəndəsi Alan Mathers minaların yerinin müəyyən edilməsi üçün qeyri-ənənəvi metodların - təlimləndirilmiş siçovullar və itlərdən istifadəsinin az xərclə daha effektiv nəticələrin əldə edilməsindəki rolundan danışıb, ANAMA ilə birgə Azərbaycanda keçirdikləri birgə layihə barədə məlumat verib.

Sonda çıxış edən, REVIVE təşkilatının rəhbəri Nigel Ellway parlament qrupunun sədri Matthew Offordla birlikdə ötən iki il ərzində bir neçə dəfə Azərbaycana səfər etdiyini və mina təhlükəsinin yaratdığı çətinliklərlə yerində yaxından tanış olduğunu deyib. O, həmçinin Azərbaycanın azad edilmiş ərazilərində işğal zamanı dağıdılmış milli və dünya əhəmiyyətli mədəni abidələrin bərpasında ərazilərin minalanması səbəbindən yaranmış çətinlikləri diqqətə çatdırıb. Bu məsələni ötən ilin dekabrında Londonda yerləşən Viktoria və Albert Muzeyində mina təhlükəsinin mədəni irsə dağıdıcı təsirləri mövzusunda keçirilən tədbirdə də qaldırdığını deyən N.Ellway bu məqamın diqqətdə saxlanılmalı olduğunu vurğulayıb.

Tədbir sual-cavab sessiyası ilə başa çatıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

 

Search in archive