2024-02-15

Ali qurumun baş katibi: “Azərbaycanın yanındayıq”

Bu sözləri Millətlər Birliyinin (The Commonwealth) baş katibi Patrisiya Janet Skotland tanınmış iş adamı, “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel və Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun qəbulu zamanı deyib. Görüş Londonda yerləşən “Marlboro Haus”da (Marlborough House) baş tutub.

Baronessa Patrisiya Janet Azərbaycanı dünya və ekologiya üçün əhəmiyyətli olan COP29 kimi böyük layihəyə ev sahibi olduğuna görə təbrik edib.

Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Baş katib Millətlər Birliyinə üzv 56 ölkənin belə böyük və qlobal əhəmiyyətli layihədə Azərbaycanın yanında olduğunu bildirib. O qeyd edib ki, qurum olaraq təmənnasız bütün kadr və imkanlarını xoş arzu və xoş məramla ölkəmizə dəstək üçün səfərbər etməyə hazırdırlar. Patrisiya Janet həmçinin COP29-un uğurlu keçməsi üçün bütün dəstəyi verməyə hazır olduqlarını bəyan edib.

İş adamı Tahir Gözel  Azərbaycanın aqrar sahədə, xüsusilə toxumçuluq sahəsində yüksək sürətlə inkişaf etdiyini və bu sahədəki bilgiləri, təcrübələri 56 ölkə arasında paylaşa biləcəklərini vurğulayıb. O bildirib ki, Azərbaycan Genetika və toxum islatmaq prosesi texnologiyalarında böyük təcrübəyə malikdir və ölkədə bu sahədə kifayət qədər mütəxəssis var.

Tahir Gözel bu təcrübədən daha çox Afrikada inkişaf etməkdə olan ölkələrin yararlana biləcəyini vurğulayıb. İş adamı qeyd edib ki, bu ölkələrin inkişafı üçün toxumçuluq, toxum genetikası sahəsindəki ən qabaqcıl yenilikləri, Azərbaycanın nou-hau texnologiyalarını paylaşmağa  hazırdırlar. O, bu təcrübəni Birlik ölkələrində də inkişaf etdirməyə maraqlı olduqlarını da deyib.

Tahir Gözel toxumçuluq təsərrüfatı sahəsində iş birliyi razılaşmasının irəliyə doğru uğurlu addım olduğunu, bu əməkdaşlıq çərçivəsində Azərbaycandan Birlik ölkələrinə dəstək olunacağını vurğulayıb. Birgə əməkdaşlığa dair qarşılıqlı anlaşmadan məmnun qaldıqlarını bildirən iş adamı bu görüşün hər iki tərəf üçün faydalı olduğunu deyib.

Qeyd edək ki, Millətlər Birliyi 1946-cı ilədək Britaniya Millətlər Birliyi kimi tanınan hökumətlərarası bir qurumdur. Bu təşkilat 56 müstəqil dövlətin bir-birinə dəstək verdiyi, demokratiya və inkişafı hədəfləyən ortaq məqsədlər üzrə əməkdaşlıq etdiyi bir platformadır. Birliyin tərkibi, dünyanın ən zəngin və ən yoxsul, həmçinin ən böyük və ən kiçik ölkələrini əhatə edir, müxtəlif dinlərə və etnik kökənlərə sahib iki milyard insanı bir araya gətirir. Millətlər Birliyinə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının monarxı III Çarlz (Charles Philip Arthur George Mountbatten-Windsor)  rəhbərlik edir. Baş katib vəzifəsini isə Aştal Baronessası Patrisiya Janet Skotland (Patricia Janet Scotland, Baroness Scotland of Asthal) icra edir. O, Böyük Britaniya və Dominikanın siyasi və dövlət xadimidir.

Search in archive