Azərbaycanın iqtisadi imkanları Britaniyada təqdim edilib
Britaniya - Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə tanınmış audit və konsaltinq şirkəti BDO-nun London ofisində iki dəyirmi masa keçirilib.
Tədbirlərdən biri Azərbaycanda biznes qurmaqda maraqlı olan britaniyalı biznesmenlər, digəri isə Britaniyada biznes qurmaq istəyən azərbaycanlı iş adamları üçün keçirilib.
Tədbirdə Britaniya - Azərbaycan Ticarət Palatasının həmsədri Con Pətrson açılış nitqi ilə çıxış edib. O, ticarət palatasının yaranması, hazırkı fəaliyyəti və gələcək planları barədə məlumat verib. Qeyd olunub ki, belə tədbirlərin müntəzəm keçirilməsi planlaşdırılır və əsas məqsəd iş adamlarına yeni tərəfdaşlar tapmaqda, biznes imkanları barədə ətraflı məlumat əldə etməkdə köməklik göstərməkdir.
Tədbir zamanı Britaniyanın Biznes və Ticarət Nazirliyinin vergi və investisiya şöbəsinin rəhbəri Pətr Jelfs və BDO şirkətinin audit və sığorta şöbəsinin rəhbəri Skot Nayt azərbaycanlı iş adamları üçün təqdimatlarla çıxış edib.
Daha sonra BDO şirkətinin Bakı ofisinin nümayəndəsi Yunis Salayev britaniyalı iş adamları üçün Azərbaycanın iqtisadi imkanları və ölkəmizdə biznes qurmaq üçün tələb olunan hüquqi prosedurlar barədə təqdimat edib.
Tədbirdə həmçinin çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov belə tədbirlərin keçirilməsinin iki ölkə arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycanda, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə xarici investorlar üçün yaradılmış əlverişli biznes imkanlarını diqqətə çatdırıb.