2023-04-07

“Bu, dini məkanların təhqir olunması deməkdir” – Bob Bləkmən

Mən Azərbaycanda dəfələrlə olmuşam. Amma bu gün ilk dəfədir ki, işğaldan azad edilmiş ərazilərə gəlirəm, erməni işğalı dövründə törədilmiş dağıntıları görmək imkanım yaranıb. Bir vaxtlar gözəl şəhər olmuş bu ərazini yenidən bərpa etmək üçün görüləsi çox işlər var. İnsanların geri qayıtması üçün gözəl fürsət yaranıb. İndi demək olar ki, hər kəs geri qayıtmağı səbirsizliklə gözləyir.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdama səfər edən Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri Bob Bləkmən deyib.

O qeyd edib ki, Ağdamda hər tərəfdə dağıntılara rast gəlib və bu dağıntılar 30 il ərzində işğal zamanı törədilib. “Bu ərazilərdə olan evlər sökülərək materialları çıxarılıb, daha sonra başqa yerlərdə istifadə edilib. Yəni bu, o deməkdir ki, burada dağıntılar uzun müddət ərzində törədilib. Baxdığımız fotolardan da görünür ki, buradakı binalar və ümumiyyətlə bu ərazi insanların vaxtilə xoşbəxt yaşadıqları gözəl bir məkan olub. Təəssüf ki, bu ərazilərdəki məscidlər və digər tikililər donuz və mal-qara üçün tövlə kimi istifadə olunub. Bu, dini məkanların təhqir olunması deməkdir. Bütün bunlar burada nələrin baş verdiyini açıq-aydın göstərir.

Azad olunmuş ərazilərdə hazırda infrastruktur yenidən qurulur, kənd təsərrüfatı bərpa edilir. Görülən işlər möhtəşəmdir. Qısa müddətdə yollar çəkilib, yenidənqurma prosesinə start verilib. Burada tikilən orta məktəb artıq uşaqların təhsil alması üçün demək olar ki, hazırdır. Məscidin yenidən qurulduğunu da gördük ki, bu da möhtəşəmdir”.

Bununla yanaşı, Bob Bləkmən bildirib ki, mina problemi hələ də qalmaqdadır: “İnsanların təhlükəsiz yaşaması üçün kütləvi şəkildə minalanmış ərazilərin təmizlənməsi kimi problem var. İnsanlar öz ata-baba yurdlarına qayıtmaq istəyirlər və bu, başa düşüləndir. Mən başa düşürəm ki, çox sayda insan geri qayıtmağı arzulayır”.

Search in archive