2023-03-07

Londonda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Londonda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Britaniyadakı Azərbaycan Tələbə Birliyinin rəhbəri Mirkazım Seyidzadə, Mehin Babayeva “Kings College” Universitetinin Azərbaycan Cəmiyyəti və Britaniyadakı Qarabağ Azərbaycan Məktəbinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov, Azərbaycan Evinin rəhbəri Ali Tekin Atalar, azərbaycanlı və türkiyəli tələbələr, xarici qonaqlar, Azərbaycan diasporonun üzvləri iştirak ediblər.

Tədbirin əvvəlində Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edilib. Səfir Elin Süleymanov Xocalının tarixi haqqında məlumat verib, Xocalı faciəsini XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsi adlandırıb. Səfir torpaqlarımızın işğaldan azad olunması ilə Xocalı qurbanlarının, şəhidlərimizin ruhunun şad olduğuna inandığını bildirib.

Tədbirdə daha sonra Azərbaycan Evinin rəhbəri Ali Tekin Atalar Xocalı haqqında öz xatirələrini, fikirlərini bölüşüb.

O bildirib ki, 31 il əvvəl Xocalı şəhərinin dinc əhalisi Ermənistan silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilib.

Tədbirdə Britaniyadakı Qarabağ Azərbaycan Məktəbinin tələbələri Xocalı ilə bağlı hazırladıqları proqramı nümayiş etdiriblər.


Səadət Fərziyeva pianoda, Rasim Fərziyev və Tereza Mostallino isə kamançada milli Azərbaycan mahnıları ifa ediblər.

Tədbirin sonunda Londonda təhsil alan xarici tələbələr də çıxış edərək Xocalı ilə bağlı öz fikirlərini bölüşüblər.

Search in archive