2023-03-07

Nazir: Xocalı Azərbaycan tarixində faciəli epizoddur və o vaxt Britaniya bunu kəskin pisləyib

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti britaniyalı parlamentari Bob Blekmen və Afzal Xanın Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı ona ünvanladığı yazılı sualları cavablandırıb.

APA-nın Britaniya bürosunun xəbərinə görə, nazir bildirib ki, 1992-ci ilin fevral hadisələri Azərbaycan tarixində faciəli epizod olub və o zaman Böyük Britaniya hökuməti tərəfindən kəskin şəkildə pislənilib.

“Belə düşmənçiliklər bir daha baş verməməlidir. Böyük Britaniyanın Azərbaycandakı səfiri fevralın 24-də Bakıdakı abidənin önünə əklil qoyub”, - nazir qeyd edib.

Leo Dokerti diqqətə çatdırıb ki, fevralın 22-də Azərbaycan xarici işlər naziri və yanvarın 18-də Ermənistanın xarici işlər naziri ilə son danışıqlarda iki dövlət arasında konstruktiv danışıqlara ehtiyac olduğunu vurğulayıb.

Nazir bildirib ki, Böyük Britaniya hökuməti Ermənistan və Azərbaycan arasında müsbət münasibətləri təmin etmək üçün səyləri dəstəkləməyə sadiq qalır və bu məqsədə nail olmaq üçün ikitərəfli kanallar və çoxtərəfli forumlar vasitəsilə fəaliyyətini davam etdirir.

Search in archive