2022-12-12

Londonda Azərbaycanla Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub

London, 10 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə London şəhərinin məşhur incəsənət mərkəzlərindən biri olan Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA-da) Heydər Əliyev Fondunun və Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondu, bp şirkətinin tərəfdaşlığı, Bakı Media Mərkəzinin dəstəyi ilə hazırlanan “Dünya xəzinələri – Azərbaycan” (“Treasures of the World – Azerbaijan”) filminin təqdimatı olub.

Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, eləcə də Böyük Britaniya Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson, Lordlar Palatasının üzvü Lord David Evans, bir çox ölkələrin Londondakı səfirləri və diplomatları, Britaniyadakı Azərbaycan icmasının üzvləri və ictimai xadimlər tədbirdə iştirak ediblər.

Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək Azərbaycanla bp arasında məhsuldar əməkdaşlığın həyata keçirildiyini vurğulayıb, bu xüsusda, “yaşıl enerji”yə keçid istiqamətində atılan addımlardan danışıb. E.Süleymanov ölkələrimiz arasında ikitərəfli münasibətlərə verdikləri töhfələrə görə Baronessa Nikolsona və Britaniya parlamentinin digər üzvlərinə təşəkkür edib. Həmçinin Fondun Azərbaycanın xarici ölkələrdə həyata keçirdiyi humanitar və mədəni layihələrə böyük dəstək verdiyi qeyd olunub.

Səfir filmin ərsəyə gəlməsində Heydər Əliyev Fondunun dəstəyini bir daha vurğulayaraq, Ümummilli Lider Heydər Əliyev irsinin digər sahələrdə də bizi doğru yola istiqamətləndirdiyini qeyd edib. “Bu gün Azərbaycan Ulu Öndərin arzuladığı qədər güclüdür və gündən-günə daha dinamik şəkildə inkişaf etməkdədir. Ümummilli Liderimiz Heydər Əliyev fəxr edərdi ki, Azərbaycan regionda nümunəvi dövlətə çevrilib və dünyada bütün azərbaycanlıların dayağıdır”, - deyə diplomat vurğulayıb.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Londonda Azərbaycanla Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub - AZƏRTAC (azertag.az)

Search in archive