2022-10-28

İrlandiya Prezidentinin iqamətgahında Azərbaycanın Dövlət Himni səsləndirilib

Azərbaycanın İrlandiyada akkreditə olunmuş səfiri Elin Süleymanov etimadnaməsini İrlandiya Prezidenti Maykl Higginsə təqdim edib.

AZƏRTAC xəbər verir ki, görüşün əvvəlində səfir Prezident İlham Əliyevin salamlarını və dost İrlandiya xalqına ən xoş arzularını Prezident Maykl Higginsə çatdırıb.

E.Süleymanov ölkə başçısı tərəfindən Azərbaycanın İrlandiyada səfiri təyin olunmasından və Azərbaycanı təmsil etməsindən şərəf hissi keçirdiyini söyləyərək yeni vəzifəsində münasibətlərin daha da dərinləşməsinə və möhkəmləndirilməsinə çalışacağını bildirib.

Öz növbəsində, Prezident Maykl Higgins Prezident İlham Əliyevə təşəkkür edərək, onun da salamlarını və ən xoş arzularını Azərbaycan Prezidentinə və xalqına çatdırmasını xahiş edib. O, həmçinin səfir E.Süleymanova fəaliyyətində uğurlar arzu edib.

Söhbət əsnasında, Prezident Maykl Higgins son illər ərzində Azərbaycanla İrlandiya arasında münasibətlərin daha da genişləndirilməsinə və Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasına ümidlərini ifadə edib.

Görüşün sonunda İrlandiya Prezidentinin iqamətgahında rəsmi orkestr Azərbaycan Dövlət Himnini səsləndirib.

Səfər çərçivəsində səfirlik nümayəndələri İrlandiya Xarici İşlər Nazirliyində, parlamentdə və digər qurumlarda görüşlər keçirib.

Eyni zamanda İrlandiyada yaşayan bəzi Azərbaycan icma üzvləri ilə görüşlər olub.

Qeyd edək ki, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi eyni zamanda, Azərbaycan Respublikasının Danimarka Krallığı, İslandiya Respublikası və İrlandiyada akkreditə olunub.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

İrlandiya Prezidentinin iqamətgahında Azərbaycanın Dövlət Himni səsləndirilib - AZƏRTAC (azertag.az)

Search in archive