2022-10-28

Prezident İlham Əliyev: Azərbaycan ilə Birləşmiş Krallıq arasında əlaqələrin daha da inkişaf etməsi və dərinləşməsi məmnunluq doğurur

Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında təşəkkül tapmış dostluq münasibətlərinə və çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət veririk. Xoş ənənələrə əsaslanan əlaqələrimizin hər keçən il daha da inkişaf etməsi və dərinləşməsi məmnunluq doğurur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri kimi fəaliyyətə başlaması münasibətilə Rişi Sunaka ünvanladığı təbrik məktubunda yer alıb.

“Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi çox genişdir. Birləşmiş Krallıq Azərbaycana ən çox sərmayə yatıran ölkə və ən iri ticarət tərəfdaşlarımızdan biridir. Ölkələrimiz arasında siyasi, mədəni, təhsil və digər sahələrdə də əməkdaşlıq dinamik inkişaf etməkdədir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan ilə Birləşmiş Krallıq arasında enerji sahəsində sınaqdan çıxmış strateji tərəfdaşlıq münasibətlərini xüsusi qeyd edən Prezident İlham Əliyev enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx tərəfdaşlığını, həyata keçirdiyimiz irimiqyaslı layihələrdə Birləşmiş Krallığın yaxından iştirakını və dəstəyini yüksək qiymətləndirib.

Məktubda daha sonra deyilir: “İki il bundan əvvəl işğaldan azad etdiyimiz ərazilərimizdə aparılan əsaslı bərpa və yenidənqurma işlərində Birləşmiş Krallığı təmsil edən şirkətlərin iştirakı təqdirəlayiqdir. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin sosial-iqtisadi reinteqrasiyasına ən böyük əngəl olaraq qalan minaların təmizlənməsi və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi işinə Birləşmiş Krallığın verdiyi töhfəni alqışlayırıq”.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında dostluğun möhkəmləndirilməsi, ikitərəfli əlaqələrimizin bütün sahələrdə dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylər bundan sonra da uğurla davam etdiriləcək.

 

Prezident İlham Əliyev: Azərbaycan ilə Birləşmiş Krallıq arasında əlaqələrin daha da inkişaf etməsi və dərinləşməsi məmnunluq doğurur - AZƏRTAC (azertag.az)

Search in archive