2022-09-19

Elin Süleymanov: "Sülh və normallaşmaya alternativimiz varmı?"

BBC Azərbaycan-Ermənistan sərhədində qarşıdurmadan sonra yaranmış vəziyyətlə bağlı Azərbaycanın Britaniyadakı səfiri ilə söhbət edib. Elin Süleymanovla müsahibə cümə günü The World Tonight proqramının efirində səslənib. Verilişin aparıcısı James Coomarasamy cənab Süleymanovun Azərbaycan-Ermənistan sərhədindəki son döyüşlərə münasibətini öyrənib.

Elin Süleymanov: Bizim hələ də sülh sazişimiz yoxdur. Bu razılaşmanın olmaması belə bir vəziyyət yaradır. Bunun erməni tərəfindən düşünülmüş təxribat olub-olmadığını tam bilmirəm, amma onlar minalanmanı davam etdirirlər. Təsəvvür edin ki, biz Azərbaycanın rayonu olan Laçın rayonuna daxil olduq və 2021-ci ildə Ermənistanda istehsal olunmuş 1300 mina aşkar etdik. Bu, əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli sazişin imzalanmasından sonra olub.

BBC:Ermənistan deyir ki, siz bu işdə təcavüzkarsınız. Deyirlər ki, siz Ukraynadakı müharibəyə görə Rusiyanın diqqətinin yayınmasından istifadə edib daha çox ərazini ələ keçirməyə cəhd etmisiniz.

Elin Süleymanov: 2020-ci ildəki müharibə vaxtı Ukraynada müharibə yox idi. Problem Azərbaycanla Ermənistanın münasibətləri və sülh sazişinin olmamasıdır. Həmçinin, Ermənistan Azərbaycan ərazisində hərbi mövcudluğunun saxlanılmasına yönələn səylərini davam etdirir. Azərbaycan Ermənistanı işğal etməyib. Ermənistan Azərbaycanı 30 ildir ki, işğal edib və bu, çox yaxşı sənədləşdirilmiş məsələdir. Bu bizim uydurduğumuz bir şey deyil.

BBC: Bəli, siz beynəlxalq aləmdə Azərbaycanın bir hissəsi kimi tanınan Dağlıq Qarabağdan danışırsınız, lakin onu bu son bir neçə on ildə etnik ermənilər idarə edir.

Elin Süleymanov: Yaxşı, demək istəyirəm ki, Ermənistan Respublikası onu işğal edir. Ermənistandan gələn erməni əsgərləri orada xidmət edir. Deməli, bu, yerli hakimiyyət orqanlarını yerli ermənilər idarə edirlər kimi bəsit məsələ deyil. Bu, bir az fərqlidir.

BBC: Onlara dəstək təkcə Rusiyadan gəlmir, biz başa düşürük ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nancy Pelosi bu həftə sonu Ermənistana gedir. Bu barədə nə düşünürsünüz?

Elin Süleymanov: Birincisi, Rusiya həm də Ermənistanın rəsmi müttəfiqidir. Onlar KTMT - kollektiv təhlükəsizlik təşkilatı olan müqaviləni imzalayıblar və Rusiyanın Ermənistanda hərbi mövcudluğu var, onun iki bazası var, həmçinin Ermənistan sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur. Deməli, bu, qeyd edə biləcəyimiz hər hansı digər siyasi dəstəkdən daha böyük olan rəsmi razılaşmadır.

Bilirsiniz, spiker Pelosinin mən kifayət qədər uzun müddət xidmət etdiyim Kaliforniya ştatında öz seçiciləri var. Bu, zənnimcə hər şeydən əvvəl daha çox ABŞ-ın daxili siyasəti ilə əlaqəli bir məsələdir. Spiker Pelosi Ermənistana getsə, mən qəti şəkildə təklif edərdim ki, o, onları Ermənistan xalqı və dövlətinin gələcəyi barədə düşünməyə təşviq etsin, əks halda o təcrid oluna bilər.

Bu gün Ermənistan siyasətinin son məqsədi nədir? Qonşuları ilə müqavilə imzalamamaq, normallaşmağa getməmək, delimitasiya etməmək, qonşularla əbədi qarşıdurma şəraitində yaşamaq? Bu, yaxşı heç nə vəd etmir. Demək istəyirəm ki, bu gün o, uğursuz dövlətdir. Beləliklə, bizə gəlincə, həqiqətən ümid edirik ki, spiker Pelosi erməni dostları ilə danışacaq və onları sülh sazişi ilə irəliləməyə inandıracaq. O bunu edə bilər.

Baxın, biz Ermənistana təklif edirik ki, münasibətləri normallaşdıraq, sərhədləri delimitasiya edək, hamımızın birlikdə yaşayıb əməkdaşlıq etdiyimiz bir region quraq. Ermənistan etnik mənsubiyyət məsələsi, qədim xalqın mifologiyası və müttəfiqlərindən tamamilə asılı olan uğursuz dövlət haqqında daimi şikayətlərdən başqa nə təklif edir?

BBC: Hazırda atəşkəs qüvvədədir. Sizcə, eşitdiklərimizi nəzərə alsaq, o, davamlı ola bilərmi? Hər iki tərəfdə həqiqətən də etimadın çatışmazlığı var?

Elin Süleymanov: Ümid edirəm, davamlı olar. Prezident Əliyev bu gün çıxış edərək qeyd edib ki, döyüşlərin cəmi 8 saat davam etməsi onu göstərir ki, nə Azərbaycan, nə də Ermənistan həqiqətən də genişmiqyaslı əməliyyat planlaşdırıb. Hər bir həyat dəyərlidir, hamımızın bildiyimiz kimi, 77 gəncimiz həyatını itirib (şənbə günü bu rəqəm 79-a çatıb -red.)

Biz bunu etmək istəmirik və ümid edirik ki, ermənilər də artıq can itirməyəcəklər. Seçim nədir? Həqiqətən bizim sülh və normallaşmaya alternativimiz varmı? Demək istəyirəm ki, biz 21-ci əsrdə yaşayırıq.

 

Elin Süleymanov: "Sülh və normallaşmaya alternativimiz varmı?" - BBC News Azərbaycanca

Search in archive