Azərbaycan səfiri Britaniya Kraliçasına etimadnaməsini təqdim etdi
Dekabrın 14-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov Britaniya Kraliçası Ülyahəzrət İkinci Yelizavetaya etimadnaməsini təqdim edib.
Kraliyyət ənənələrinə uyğun olaraq etimadnamə təqdim olunan gün səfir Elin Süleymanov AR-in Britaniyadakı səfirliyindən Bukinqem sarayına atlara qoşulmuş faytonla birlikdə, Kraliçanın diplomatik korpus üzrə Marşalı Alistair Harrisonun müşaiyəti ilə gətirilib. COVID-19 pandemiyası ilə əlaqədar son iki il ərzində formalaşmış ənənəyə uyğun olaraq Kraliça İkinci Yelizaveta görüşə onlayn monitor vasitəsi ilə qoşulub.
Görüşün əvvəlində səfir Süleymanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Kraliçaya çatdırıb. E.Süleymanov Azərbaycanın Britaniyadakı səfiri təyin olunmasından böyük şərəf hissi keçirdiyini söyləyərək yeni vəzifəsində iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsinə çalışacağını bildirib.
Öz növbəsində, Kraliça İkinci Yelizaveta Prezident İlham Əliyevin səmimi salamlarına görə təşəkkür edərək özünün də salamları və ən xoş arzularının Azərbaycanın ölkə başçısına çatdırılmasını xahiş edib. O, həmçinin səfir Elin Süleymanova fəaliyyətində uğurlar arzu edib.
Söhbət əsnasında, tərəflər son onilliklər ərzində Azərbaycanla Britaniya arasında ikitərəfli əlaqələrin daim yüksələn xəttlə inkişaf etməsindən məmnunluq ifadə edib, əlaqələrin bundan sonra daha da genişləndirilməsi və intensivləşdirilməsinin hər iki xalqın marağında olduğunu vurğulayıb.
At və atçılığa xüsusi marağı olan Kraliça İkinci Yelizaveta hər il Britaniyada keçirilən Vindzor Kral Atçılıq Şousunda Azərbaycan atlarını heyranlıqla seyr etdiyini bildirərək qarşıdakı illərdə də Britaniyada təşkil edilən bu cür şoularda Azərbaycandan olan atları görmək arzusunda olduğunu nəzərə çatdırıb.
Mərasim bitdikdən sonra səfir Elin Süleymanov atlara qoşulmuş faytonla Səfirliyə gətirilib.
Daha sonra etimadnamənin təqdim olunması münasibəti ilə Azərbaycanın Britaniyadakı səfirliyində ziyafət təşkil edilib. Ziyafətdə bir sıra xarici ölkələrin Londondakı səfirləri, Böyük Britaniya parlamentinin üzvləri, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəsmisi, diplomatik korpusun nümayəndələri və mətbuat nümayəndələri iştirak ediblər. Tədbirdə, həmçinin Britaniya Baş nazirinin Azərbaycan üzrə Ticarət elçisi Baroness Nikolson iştirak edib.
Tədbirdə çıxış edən diplomatik korpusun marşalının müavini Allison McMillan Azərbaycanın Britaniyadakı yeni səfirinə uğurlar arzulayaraq ölkəsi ilə Azərbaycan arasında bütün sahələr üzrə əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini vuğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına xüsusi töhfə verdiyini qeyd edərək onun şərəfinə badə qaldırıb.
Elin Süleymanov günün önəmindən bəhs edərək Britaniya və Azərbaycan arasındakı münasibətlərin strateji xarakterə malik olduğunu vurğulayıb. O, Azərbaycan və Britaniya arasında son üç onillikdə qarşılıqlı inam əsasında və dostluq ruhunda qurulmuş ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə, ölkələrimiz arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına səy göstərəcəyini söyləyib. Səfir, həmçinin ikitərəfli münasibətlərin inkişafına badə qaldıraraq Azərbaycanla Britaniya arasında münasibətlərin tərəqqisinə göstərdiyi töhfələrə görə Ülyahəzrət İkinci Yelizavetaya minnətdarlıq ifadə edib.