2023-04-25

Azərbaycanın Londondakı səfirliyinin əməkdaşı “İlin diplomatı” mükafatına layiq görülüb

Londonda "DİPLOMAT" jurnalınının ənənəvi illik mükafatlandırma mərasimi keçirilib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, mərasimdə Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyinin müşaviri Polad Məmmədov “missiya rəhbərinin müavini/siyasi məsələlər üzrə müşavir” kateqoriyası üzrə "İlin diplomatı" mükafatına layiq görülüb.

Mükafatlandırma mərasimində çıxış edən Polad Məmmədov mükafatı təmsil etdiyi Azərbaycan xalqı və dövlətinin adından qəbul etdiyini, ötən 30 il ərzində genişlənmiş Azərbaycan - Birləşmiş Krallıq arasındakı ikitərəfli münasibətlərə həsr etdiyini vurğulayıb.

Digər nominasiyalar üzrə Ukrayna, Rumıniya, Gürcüstan, Peru, Mərakeş, Şri Lanka, Cənubi Sudan və Antiqua və Barbudanın Londondakı səfirləri, eləcə də İordaniya səfirliyinin əməkdaşı “İlin diplomatı” mükafatı ilə təltif ediliblər.

2009-cu ildə təsis edilmiş "DİPLOMAT" jurnalının "İlin diplomatı" mükafatı hər il keçirilən mərasimdə müxtəlif nominasiyalar üzrə təqdim olunur. Mükafat Londonda fəaliyyət göstərən səfir və diplomatlara təmsil etdikləri dövlət və Birləşmiş Krallıq arasında münasibətlərin inkişafına verdiyi töhfə və mənsub olduqları ölkələrin Birləşmiş Krallıqda təmsil edilməsindəki roluna görə verilir. Mükafat Birləşmiş Krallıqda fəaliyyət göstərən diplomatik korpus arasında səsvermə və münsiflər heyətinin yekun rəyi əsasında verilir.

Search in archive