Nikahın Pozulması

Nikahın pozulmasının qeydə alınması üçün tələb olunan sənədlər.

Nikahın pozulmasının dövlət qeydiyyatı aşağıdakı sənədlər əsasında həyata keçirilir:

  1. Nikahın pozulması haqqında ərizə;
  2. AR vətəndaşının şəxsiyyətini təsdiq edən etibarlı sənədlər (pasport və şəxsiyyət vəsiqəsi)
  3. Nikah haqqında şəhadətnamənin əsli
  4. nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
  5. yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə verdikləri ərizə;
  6. məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslə nikahın pozulması haqqında ər və ya arvadın birinin ərizəsi;
  7. məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi.

Nikahın məhkəmə qaydasında və ya konsulluq tərəfindən pozulması halları.

Nikah aşağıdakı hallarda məhkəmə qaydasında pozulur:

  1. ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda;
  2. ər (arvad) nikahın pozulmasına razı olmadıqda;
  3. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri konsulluqda nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.)

Nikah ərin/arvadın hər ikisinin, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında konsulluqlar tərəfindən pozula bilər. 

Nikah aşağıdakı hallarda yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) birinin ərizəsi əsasında konsulluqlar tərəfindən pozulur:

  1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
  2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

Nikah konsulluqda pozulduqda - nikahın pozulmasının dövlət qeydiyyatına alındığı gündən; məhkəmə qaydasında pozulduqda - bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır.

Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir.Bu halda nikahın pozulmasının dövlət qeydiyyatı aparılmır.

Ər-arvaddan birinin ərizəsi üzrə nikahın pozulmasının qeydə alınması qaydaları

Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ər (arvad) ərizə ilə nikahın pozulması məqsədilə konsulluğa müraciət edə bilər. Həmin ərizədə aşağıdakı sənədləri əlavə etməli və məlumatları bildirməlidir:

  1. bunlardan birini 
  • arvadın (ərin) xəbərsiz itkin düşmüş hesab edilməsinə dair məhkəmə qətnaməsini;
  • ruhi xəstəlik, yaxud kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsini; 
  1. 20 funtsterlinq məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz
  2. fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumunun, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakı üzərində qəyyumluq edənin ünvanını.

Nikahı pozmaq haqqında ərizə təqdim edildikdə, konsulluq tərəfindən aşağıdakı hallarda nikahın pozulması ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alına bilər: 

1) ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;

2) ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

 

Search in archive