Konsulluq xidmətləri
Qayıdış Şəhadətnaməsi üçün Tələb Olunan Sənədlər və Müraciət Qaydası

Müraciət qaydası:

Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi məqsədilə Səfirliyə şəxsən və ya poçt vasitəsilə müraciət edə bilər.

Şəxsən müraciət edildiyi təqdirə vətəndaş elektron növbə portalı vasitəsilə növbə əldə edərək tələb olunan sənədləri təqdim etməlidir. Bu halda qayıdış şəhadətnaməsi müraciət zamanı rəsmiləşdirilərək təqdim olunur.

Poçt vasitəsi ilə müraciət edildikdə isə vətəndaş tələb olunan sənədləri, eləcə də üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış və haqqı ödənilmiş zərfi (hazır sənədi geri göndərmək məqsədilə) Səfirliyin ünvanına göndərməlidir. Səfirlik poçt göndərişinin itirilməsi və ya korlanmasına görə heç bir məsuliyyət daşımır. Yalnız sənədləri tam olan müraciətlər icraya qəbul edilir. 

Səfirliyin ünvanı: Embassy of the Republic of Azerbaijan, 66 Holland Park, London, W11 3SJ


Tələb olunan sənədlər:

1. Ərizə-anket (vətəndaşlar üçün buradan, vətəndaşlığı olmayan şəxslər üçün isə buradan yüklənə bilər);

2. Pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə - pasportun özü;

3. İki ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);

4. Üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bileti, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi və ya şəxsiyyətini və ya vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənədin surəti (bu sənədlər və pasport olmadığı təqdirdə “Qeydlər” bölməsinə baxın);

5. 10£ məbləğində dövlət rüsumu;

  • Nağd ödəniş qəbul edilmir və rüsum müraciət zamanı bank kartı vasitəsilə ödənilə bilər;
  • Müraciət poçt vasitəsilə göndərildiyi təqdirdə “Embassy of the Republic of Azerbaijan” ünvanına dövlət rüsumu ödənilən “Postal order” təqdim edilməlidir;

 

Qeydlər:

  • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, onun şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti Dövlət Miqrasiya Xidmətinə sorğu edilməklə müəyyən edilir. Daha ətraflı məlumat üçün buraya daxil olun.
  • Xarici ölkələrdə təhsil alan (müvafiq təsdiqedici sənəd təqdim edildikdə), dövlət xətti ilə pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan, xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya edilən, insan alveri qurbanı olan, yaxud 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur. Yuxarıda göstərilən hallardan başqa digər hallarda xarici ölkədə ümumvətəndaş pasportunu itirmiş və ya həmin pasportu oğurlanmış Azərbaycan Respublikasının vətəndaşı bu barədə xarici ölkənin müvafiq polis orqanı tərəfindən verilmiş təsdiqedici sənəd təqdim etdikdə ona qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.
Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti