news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 may 2026

Londonun əzəmətli Lankaster sarayında Azərbaycan təntənəsi

Londondakı Lankaster sarayında Azərbaycan təntənəsi

Londonda yerləşən tarixi və dövlət əhəmiyyətli Lankaster sarayında Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə ölkəmizin müstəqilliyinin 108-ci ildönümünə həsr olunmuş rəsmi qəbul keçirilib.

Tədbirdə Britaniya Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Biznes və Ticarət Nazirliyi, eləcə də digər dövlət qurumlarının təmsilçiləri, Britaniya parlamentinin deputatları, Lordlar Palatasının çoxsaylı üzvləri, Londonda akkreditə olunan çoxsaylı ölkələrin səfirləri və diplomatik korpusun digər üzvləri, BP şirkəti, City of London Korporasiyası və Britaniyada fəaliyyət göstərən çoxsaylı digər şirkət, beyin mərkəzi və qurumların təmsilçiləri, Azərbaycan diasporunun üzvləri və Britaniyada təhsil alan Azərbaycanlı tələbələr olmaqla 700-ədək qonaq iştirak edib. Tədbirdə həmçinin həmin vaxt Londonda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirak edib.

Britaniya tərəfini tədbirdə yüksək səviyyəli rəsmi qonaq qismində Britaniyanın müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker təmsil edib.

İlk olaraq ölkəmizi 2018-ci ildə Avroviziya mahnı müsabiqəsində təmsil edən məşhur müğənni Aysel Mamedovanın (Aisel) ifasında Azərbaycan və Birləşmiş Krallığın himnləri səsləndirilib.

Daha sonra ölkəmizin Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək Azərbaycan Demokratik Respublikasının qısa tarixinə diqqət çəkib. Səfir 1918-ci il mayın 28-də yaradılmış ADR-in müsəlman Şərqində ilk parlament demokratiyası olduğunu vurğulayaraq qısa müddət mövcud olmasına baxmayaraq ADR-in Azərbaycanın  tarixində silinməz iz qoyduğunu deyib.

Diplomat vurğulayıb ki, ADR dövründə bütün vətəndaşlara etnik mənsubiyyətindən, dinindən, irqindən və cinsindən asılı olmayaraq səsvermə hüququ verən Azərbaycan bugün də həmin mütərəqqi dəyərlərə, o cümlədən tolerantlıq və multikultuallıq dəyərlərinə sadiqdir.

Səfir Kral Üçüncü Çarlzın Azərbaycan prezidenti cənab İlham Əliyevə Müstəqillik günü münasibəti ilə ünvanladığı təbrikə görə təşəkkür ifadə edib.

Azərbaycanın 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra keçdiyi yola nəzər salan səfir ölkəmizin olduqca çətin coğrafiyada yerləşməsinə baxmayaraq ilk öncə Ümumilli lider Heydər Əliyev, daha sonra isə Prezident İlham Əliyevin rəhbərliyi altında bütün mövcud çağırışları imkanlara çevirməyə müvəffəq olduğunu və misilsiz və nümunəvi inkişaf yolu keçdiyini qeyd edib. Elin Süleymanov ölkəmizin öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini, münaqişənin artıq bitdiyini, Ermənistanla normallaşma prosesinin uğurla davam etdiyini deyib. O bildirib ki, Azərbaycan regionda davamlı sülhün, sabitliyin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş siyasət həyata keçirir. Bu əsnada, səfir Süleymanov 26 may tarixində öz müstəqilliyini qeyd edən Gürcüstanı da müstəqillik günü münasibəti ilə təbrik edib.

Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdən Böyük Britaniyanın ölkəmizin etibarlı tərəfdaşı olduğunu qeyd edən səfir 2025-ci ilin avqust ayında ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi niyyətinin bəyan olunmasının olduqca sevindirici olduğunu söyləyib. Səfir iki ölkə arasında siyasi, iqtisadi, təhsil, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini əlavə edib.

Çıxış zamanı Britaniyada təhsil alan azərbaycanlı tələbələrə də müraciət edən səfir onların iki ölkə arasında körpü rolunu oynadıqlarını bildirib, ikitərəfli əlaqələrdə təhsil sahəsinin önəminin göstəricisi kimi bugünlərdə Azərbaycanın Britaniyadakı səfirliyində təhsil müşavirinin fəaliyyətə başladığına diqqət çəkib.

Tədbirdə çıxış edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker Azərbaycanın Böyük Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində mühüm tərəfdaş olduğunu bildirib.

O, ötən ilin dekabrında Bakıya səfərini xatırlayaraq Azərbaycan paytaxtının onda olduqca xoş təəssürat yaratdığını qeyd edib. Lord Koaker Bakının tarixi və müasir memarlığına diqqət çəkərək, Şərq və Qərb mədəniyyətlərinin vəhdətini əks etdirən şəhər olduğunu vurğulayıb.

Nazir səfər zamanı Prezident İlham Əliyevlə, eləcə də Azərbaycanın müdafiə sahəsinə məsul rəsmiləri ilə keçirdiyi görüşlərin iki ölkə arasında müdafiə əlaqələrinin daha da gücləndirilməsinə xidmət etdiyini bildirib.

Lord Koaker çıxışında Azərbaycanı Böyük Britaniyanın dostu və regionda mühüm tərəfdaşı adlandıraraq iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsindən məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, bu əməkdaşlıq müdafiə və təhlükəsizliklə yanaşı, ticarət, investisiya, iqtisadi artım, təhsil və innovasiya sahələrini də əhatə edir və son illərdə qarşılıqlı yüksək səviyyəli səfərlərin sayının artması münasibətlərin səviyyəsinin bariz göstəricisidir.

Böyük Britaniya rəsmisi Azərbaycanın Ermənistanla uzunmüddətli sülhün təmin olunması və Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səyləri alqışladıqlarını bildirib. O, ölkəsinin bu prosesə tam dəstək verdiyini qeyd edib.

Lord Koaker bildirib ki, Azərbaycan Demokratik Respublikasının qurucuları bu gün müstəqil Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlərlə fəxr edərdilər. Çıxışının sonunda Lord Koaker Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, ölkəmizə sülh, sabitlik və firavanlıq arzulayıb.

Çıxışlardan sonra hər iki ölkənin dövlət başçısı - Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və Britaniya Kralı Üçüncü Çarlzın şərəfinə badə qaldırılıb, Azərbaycanın dostları ilə birlikdə tort kəsilib.

Tədbir ziyafətlə və musiqi proqramı ilə davam edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti