Səfir

2021-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elin Süleymanovu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfir təyin edib.

E.Süleymanov bundan öncə uzun müddət Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri olub və bütöv bir onillik ərzində ölkəsinin maraqlarını abu-havası dinamik şəkildə dəyişən Vaşinqtonda təmsil edib.

2005-2011-ci illər ərzində Los Anceles və Qərb ştatlarında Azərbaycanın ilk Baş Konsulu kimi fəaliyyət göstərib. Daha öncə isə E.Süleymanov Azərbaycan Respublikasının Prezident Administrasiyasının Xarici Əlaqələr Departamentində Baş məsləhətçi, eləcə də Azərbaycanın Vaşinqtondakı səfirliyinin mətbuat məsələlərindən məsul əməkdaşı kimi çalışıb. Diplomatik xidmətə qoşulmazdan öncə Elin Süleymanov BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı ofisi, eləcə də Şərqi və mərkəzi Avropada aparıcı istehsal şirkəti olan “Glaverbel Czech” şirkətində işləyib.

ABŞ-ın Massaçusets ştatında yerləşən Fletçer Hüquq və Diplomatiya İnstitutundan məzun olmuş Elin Süleymanov həm də Moskva Dövlət Universitetinin Siyasi Coğrafiya fakültəsi və ABŞ-ın Ohayo ştatında yerləşən Toledo Universitetinin məzunudur. Çoxsaylı məqalələrin müəllifi olan E.Süleymanov tez-tez akademik tədbirlərdə çıxış edir. O, azərbaycan, ingilis və rus dillərində danışır.

 

Search in archive