ÜMÜMİ MƏLUMAT
Bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda belə rəsmiləşmənin iki növü mövcuddur:
- Apostilin verilməsi
- Konsul leqallaşdırması
Sənədlərin leqallaşdırılması prosedurunu sadələşdirmək məqsədi ilə 1961-ci ildə Haaqa şəhərində “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya” imzalanmışdır. Konvensiyaya qoşulmuş dövlətlər tərəfindən sənədlərin təsdiqi sadə qaydada apostil vermək yolu ilə həyata keçirilir.
Apostil verilmiş sənəd leqallaşdırılmış hesab edilir və həmin Konvensiyanın iştirakçısı olan bütün dövlətlərin ərazisində hüquqi qüvvəyə malik olur. Həmin iştirakçı dövlətlər barədə məlumatı Haaqa Konfransının rəsmi internet saytından (www.hcch.net) əldə etmək olar.
Azərbaycan Respublikası, eləcə də Səfirliyin akkreditə olduğu ölkələrin (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, İslandiya və İrlandiya) adıçəkilən Konvensiyaya qoşulduğu üçün sənədlərin apostil vermək qaydasında təsdiq edilməklə bir birinin ərazisində istifadəsi mümkündür.
AZƏRBAYCAN RESPUBLİKASINDA VERİLMİŞ SƏNƏDLƏRİN APOSTİL EDİLMƏSİ
Səfirlik tərəfindən hər hansı sənədlərin apostil edilməsi xidməti göstərilmir. Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən verilən sənədlərin apostil edilməsi məqsədilə “ASAN Xidmət” mərkəzləri vasitəsilə aşağıdakı dövlət qurumlarına müraciət edilməlidir:
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi - məhkəmələrin, prokurorluq və ədliyyə orqanlarının verdiyi, o cümlədən Azərbaycan Respublikasının ərazisində notariat qaydasında təsdiq olunan və vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına dair sənədlər üçün. Daha ətraflı məlumat ilə keçid üzrə tanış ola bilərsiniz.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi - digər sənədlər üçün (misal üçün : diplom, transkript, məhkumluq arayışı və sair). Daha ətraflı məlumat ilə keçid üzrə tanış ola bilərsiniz.
BİRLƏŞMİŞ KRALLIQ, İSLANDİYA VƏ İRLANDİYADA VERİLMİŞ SƏNƏDLƏRİN APOSTİL EDİLMƏSİ
Səfirlik tərəfindən hər hansı sənədlərə apostil verilməsi xidməti göstərilmir. Birləşmiş Krallıq, İslandiya və İrlandiya müvafiq qurumları tərəfindən verilən sənədlərin apostil edilməsi məqsədilə müvafiq olaraq həmin ölkələrin aidiyyəti dövlət qurumlarına müraciət edilməlidir.
Ətraflı məlumatla aşağıdakı keçidlər üzrə tanış ola bilərsiniz:
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında verilmiş sənədlər üçün
İslandiyada verilmiş sənədlər üçün
İrlandiyada verilmiş sənədlər üçün