Passport

DİQQƏT!      XAHİŞ EDİRİK BU SƏHİFƏDƏKİ MƏLUMATLARI SONA KİMİ DİQQƏTLƏ OXUDUQDAN SONRA SƏNƏDLƏRİ QEYD OLUNMUŞ ARDICILLIQLA HAZIRLAYASINIZ.

Azərbaycan Respublikası vətəndaşının pasportu

“Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.

Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır.

Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər.

Xarici ölkələrdə müvəqqəti və daimi yaşayan Azərbaycan vətəndaşlarına ümumvətəndaş pasportunun verilməsi, həmin ölkədə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən qanunla tələb olunan sənədlər əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi ilə  həyata keçirilir.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqlarında həyata keçirilir.

15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.

Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.

Ümumvətəndaş Pasportunun verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlər toplusu

18 yaşına çatmış Azərbaycan Respublikası(AR) vətəndaşları aşağıda sadalana sənədlər toplusu ilə AR-in Birləşmiş Krallıqdakı Səfirliyinin konsulluq şöbəsinə ŞƏXSƏN müraciət etməlidir:

  • Ərizə anket
  • Etibarlı Şəxsiyyət vəsiqəsi* (əsli və ya keyfiyyətli çap edilmiş RƏNGLİ surəti-hər iki üzü)
  • Pasportun əsli
  • Hərbi bilet, 18-35 yaş aralığında olan bütün kişilərdən mütləq tələb olunur (əsli və ya keyfiyyətli çap edilmiş RƏNGLİ surəti -bütün səhifələri)
  • 50 funt məbləğində dövlət rüsumunun ödənilməsi barədə bank qəbzi(proof of payment)
    • (həmçinin Sizin şəxsiyyət vəsiqənizin surəti əsasında AR DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində dövlət büdcəsinə qanunla təyin edilmiş rüsum ödənilməlidir)
  • 2 ədəd ağ fonda pasport üçün tələb olunan ölçüdə foto şəkil (3x4 və ya 3.5x4.5)

Pasport oğurlandığı təqdirdə qeyd edilmiş sənədlərlə birgə polis bölməsindən həmin faktı təsiq edən arayış(məktub) əlavə edilməlidir.

 

QEYD*: Əgər vətəndaşın şəxsiyyət vəsiqəsi yoxdursa və ya etibarlılıq müddəti bitmişdirsə  bu halda vətəndaş ilk öncə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədləri konsulluğa  təqdim etməlidir. Sənədlər toplusu Citizenship İdentification bölməsindən əldə edilə bilər.

Vətəndaş, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə göndərilmiş sorğuya yalnız müsbət cavab  gəldikdən sonra pasportun alınması və ya yenilənməsi üçün konsulluğa müraciət edə bilər.

Yuxarıda qeyd edilmiş sənədlər toplusu tam şəkildə hazırlandıqdan sonra vətəndaş azeconsular@btconnect.com e-poçt adresi vasitəsi ilə görüş saatı (appointment)  təyin etməklə konsulluğa sənədlərini təqdim edə bilər.

18 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşları aşağıda sadalana sənədlər toplusu ilə AR-in Birləşmiş Krallıqdakı Səfirliyinin konsulluq şöbəsinə ŞƏXSƏN müraciət etməlidir:

  • Vətəndaşın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın (FİN nömrəsi ilə birlikdə doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı);
  • 18 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportunun verilməsi haqqında ərizə-anket;
    • Qeyd: 15 yaşı tamam olmamış vətəndaş üçün ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar.
    • 15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.
  • Qan qrupu haqqında tibbi arayış (uşağın şəxsiyyət vəsiqəsi və fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur);
  • Valideynlərin notariusda təsdiq edilmiş razılıq ərizəsi (hər iki valideyn səfirliyə gəldiyi təqdirdə ərizə Səfrilikdə tərtib olunur);
  • Valideynlərin pasportlarının əsli və ya yüksək keyfiyyətli çap olunmuş RƏNGLİ surəti;
  • Etibarlıq müddəti bitmiş pasportun əsli;
  • 50 funt məbləğində dövlət rüsumunun ödənilməsi barədə bank qəbzi.
    • (həmçinin Sizin şəxsiyyət vəsiqənizin surəti əsasında AR DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində dövlət büdcəsinə qanunla təyin edilmiş rüsum ödənilməlidir)
  • 2 ədəd ağ fonda pasport üçün tələb olunan ölçüdə foto şəkil (3x4 və ya 3.5x4.5)

 

Yuxarıda qeyd edilmiş sənədlər toplusu tam şəkildə hazırlandıqdan sonra vətəndaş azeconsular@btconnect.com e-poçt adresi vasitəsi ilə görüş saatı (appointment)  təyin etməklə konsulluğa sənədlərini təqdim edə bilər.

DİQQƏT!   SƏFİRLİK VASİTƏSİ İLƏ PASPORTLARIN ƏLDƏ EDİLMƏSİNƏ 2-4 AY MÜDDƏTİNDƏ BAXILIR.